
Dünyada çay istehsalı ildə 7,05 milyon tona çatıb.
Yeniavaz.com Beynəlxalq Çay Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu göstərici 20 il əvvəlki istehsal həcmi ilə müqayisədə təxminən iki dəfə çoxdur.
Bildirilir ki, qara çay qlobal bazarda dominant növ olaraq qalır, yaşıl çayın payı isə ümumi istehsalın təxminən üçdə birini təşkil edir.
Dünyanın ən böyük çay istehsalçısı Çin olub. Ölkədə il ərzində 3,74 milyon ton çay istehsal edilib. Bu, qlobal istehsalın 53 faizi deməkdir.
Çinin istehsal həcmi ikinci yerdə qərarlaşan Hindistanın göstəricisindən təxminən üç dəfə çoxdur. Hindistan 1,285 milyon ton çay istehsal edərək dünya istehsalının 18 faizini təmin edib.
Beləliklə, Çin və Hindistan birlikdə dünya çay istehsalının 71 faizinə sahib olublar.
Siyahıda üçüncü yeri 599 min ton istehsalla Keniya tutub. Ölkənin qlobal istehsaldakı payı 8 faizdir. Keniya eyni zamanda dünyanın ən böyük çay ixracatçılarından biridir. Ölkə istehsal etdiyi çayın böyük hissəsini xarici bazarlara çıxarır.
Türkiyə 273 min ton çay istehsalı ilə dördüncü, Şri-Lanka 262 min tonla beşinci yerdə qərarlaşıb. İlk səkkizliyə həmçinin Vyetnam (180 min ton), İndoneziya (125 min ton) və Yaponiya (74 min ton) daxildir.
Dünyanın ən böyük səkkiz çay istehsalçısı qlobal istehsalın 93 faizini həyata keçirib. Qalan ölkələrin ümumi istehsalı isə 515 min ton, yaxud dünya üzrə ümumi istehsalın 7 faizi olub.
Çay istehsalında Asiyanın üstünlüyü də diqqət çəkir. Dünyanın ən böyük səkkiz istehsalçısından yeddisi bu qitədə yerləşir. Türkiyə isə eyni zamanda adambaşına çay istehlakının yüksək olması ilə seçilir. Ölkədə adambaşına illik çay istehlakı 3 kiloqramdan çoxdur.
Məlumat üçün onu da bildirək ki, son bir ildə Azərbaycanda 11,5 min ton çay istehsal edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz