
İran parlamenti ölkəyə xarici kəşfiyyat xidmətlərinin, dövlətlərin və xarici təşkilatların müdaxiləsinə qarşı mübarizəyə yönəlmiş qanun layihəsini 183 səslə qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Parlament Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bildirib ki, sənəd ötən gün – avqustun 16-da keçirilən iclasda müvafiq komissiyanın hesabatı dinlənildikdən, həmçinin qanun layihəsinin tərəfdarları və əleyhdarlarının çıxışlarından sonra səsverməyə çıxarılıb.
Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndəsi Həsən Qaşqavi qeyd edib ki, İranda casusluqla bağlı qanunvericilik artıq mövcuddur. Lakin indiyədək “xarici təsir” məsələsi ilə bağlı hüquqi boşluq qalırdı.
Onun sözlərinə görə, yeni qanun layihəsi xarici müdaxilənin müəyyən edilməsi, qarşısının alınması və dayandırılması üçün aydın hüquqi mexanizmlər yaratmağı nəzərdə tutur.
Qeyd olunub ki, sənədin hazırlanmasında aidiyyəti dövlət qurumlarının hamısı iştirak edib. Qanun layihəsinin ətraflı müzakirəsinə isə hələ 12 günlük müharibədən əvvəl başlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz