
Pəhrizlə bağlı ən çox qadağalara məruz qaldığımız xəstəliklərdən biri də yüksək xolesteroldur. Ancaq yüksək xolesterolu olan xəstələrə həmişə qida menyusunda nəyi azaltmağı məsləhət görsələr də, nədənsə, nəyi artırmağı məsləhət görmürlər.
Ümumiyyətlə, orqanizmimiz xolesterolu əsasən iki mənbədən qəbul edir. Bu baxımdan, birinci mənbə qaraciyər vasitəsi ilə qəbul etdiyimiz xolesterol, ikinci mənbə isə qida vasitəsi ilə qəbul etdiyimiz xolesteroldur. Qaraciyər vasitəsi ilə qəbul etdiyimiz xolesterol orqanizmimizdəki xolesterolun təqribən 75 faizini, qida vasitəsi ilə qəbul etdiyimiz xolesterol isə orqanizmimizdəki xolesterolun təqribən 25 faizini təşkil edir. Bəzən təkcə qidalar üzərində bəzi dəyişikliklər etməklə qanda xolesterol miqdarını aşağı salmaq mümkün olsa da, bəzən də dərmanlar üzərində bəzi dəyişikliklər etməklə qanda xolesterol miqdarını aşağı salmaq mümkün olur. Ancaq bu məsələdə diqqət yetirməli olduğumuz başqa bir məsələ isə genetik baxımdan yüksək xolesterola meyilliliyimizin olmasıdır. Buna görə də, istər qida müalicəsində, istərsə də dərman müalicəsində, ilk növbədə, həkim məsləhəti əsas götürülməlidir. Bununla yanaşı, qida müalicəsində əsasən iki şeyə üstünlük vermək lazımdır. Bunlardan birincisi gündəlik menyuda xolesterol miqdarı yüksək olan qidaları azaltmaq, ikincisi isə gündəlik menyuda lif miqdarı yüksək qidaları artırmaqdır. Üstəlik, bu iki dəyişikliyin ikisi də eyni vaxtda həyata keçirilməlidir.
Elə isə bəs lif nədir? Lif və ya liflər həzm sistemimiz tərəfindən həzm edilməyən, bitkilərin hüceyrə divarlarını təşkil edən və heç bir qida dəyəri olmayan maddələrdir. Liflər həm mədədən, həm də bağırsaqlardan heç bir dəyişikliyə məruz qalmadan keçirlər. Bu maddələr həzm edilmədikləri üçün orqanizm tərəfindən sovrulmurlar və bir qayda olaraq, enerjiyə çevrilmirlər. Onların əsas vəzifələri bəzi zərərli maddələri bağırsaqlardan təmizləməkdir. Belə vəziyyətdə lifləri orqanizmi təmizləyən bir süpürgə də adlandırmaq olar. Digər tərəfdən, liflər suda əriyən və suda əriməyən olmaqla iki qrupa ayrılırlar. Məsələn, taxıl qrupundan olan qidaları suda əriməyən liflərə, paxla qrupundan olan qidaları isə suda əriyən liflərə aid etmək olar.
Liflər təkcə dənli və paxlalı bitkilərin yox, meyvə və tərəvəzlərin də tərkibində olurlar. Bundan başqa, liflər xəstəliklərin müalicəsində mühüm rol oynamaqla yanaşı, xəstəliklərin profilaktikasında da mühüm rol oynayırlar. Bu xəstəliklər arasında əsas yerləri isə daha çox mədə-bağırsaq və ürək-damar xəstəlikləri tutur. Bu baxımdan, 50 yaş və aşağı kişilərin gündə 38 qram, 50 yaş və aşağı qadınların isə gündə 25 qram lifə ehtiyacları var. Ancaq 51 yaş və yuxarı kişilərdə bu rəqəm gündə 30 qram, 51 yaş və yuxarı qadınlarda isə bu rəqəm gündə 21 qramdır. Əgər lifli qidalardan maksimum istifadə etmək istəyirsinizsə, aşağıdakılara əməl etməyi unutmayın:
1. Ağ çörək əvəzinə, kəpəkli çörəyə üstünlük verin.
2. Həftədə 2-3 dəfə paxlalı bitkilərdən istifadə edin.
3. Menyunuzda meyvə-tərəvəzlərə daha çox yer verin.
4. Menyunuza dənli bitkiləri daxil etməyi də unutmayın.
5. Meyvələrin suyu əvəzinə, özündən istifadə edin.
6. Meyvələri qabığı ilə bir yerdə yeməyi yaddan çıxarmayın.
7. Adi makaronlar əvəzinə, kəpəkli makaronlara üstünlük verin.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz