
Görkəmli Siciliya İntibah dövrü rəssamı Antonello da Messinaya aid dörd əsər Messinadakı MuMe muzeyindən oğurlanıb.
Yeniavaz.com “LaPresse” xəbər agentliyinə istinadla xəbər verir ki, oğurluq hadisəsi 15 avqust axşamı İtaliyanın əsas bayramlarından biri olan Ferraqosto bayramı zamanı baş verib.
Agentliyin məlumatına görə, oğrular muzeyin siqnalizasiya və təhlükəsizlik sistemlərini keçməyi bacarıblar.
Onlar 1473-cü ildə Antonello da Messina tərəfindən yaradılmış San Qreqorio poliptixinin salamat qalan beş panelindən üçünü oğurlayıblar.
Bundan əlavə, “Pyeta” səhnəsində Məryəm Ana və Məsihi təsvir edən ikitərəfli panel də zirehli vitrindən çıxarılıb.
MuMe muzeyinin direktoru Marisa Merkurio oğurluğun saat 22:00-dan bir az əvvəl baş verdiyini bildirib.
Onun sözlərinə görə, rəssamın ən məşhur və əhəmiyyətli iki əsəri oğurlanmış əşyalar arasında olub.
Muzey avqustun 16-da müstəntiqlərin dəlil toplaması üçün bağlanıb. İstintaqa İtaliya Karabinieriləri cəlb olunub.
İncəsənət cinayətləri üzrə ekspert Linda Albertson qeyd edib ki, oğurlanmış əsərlər çox məşhurdur və asanlıqla tanınır, bu da onların qanuni sənət bazarında satılmasını olduqca çətinləşdirir. O əlavə edib ki, bu cür əsərlər çox vaxt bir cinayətkardan digərinə ötürülür və digər qanunsuz fəaliyyətlər üçün girov kimi istifadə edilir.
Qeyd edək ki, oğurluq Antonello da Messinanın əsərlərinə artan marağın fonunda baş verib. Mart ayında İtaliya hökuməti onun “Ecce Homo” əsərini Nyu-Yorkdakı” Sotheby's” hərrac evindən 14,9 milyon dollara alıb.
Xatırladaq ki, hadisə, son günlərdə İtaliyada baş verən ikinci böyük sənət oğurluğudur. Polis bundan əvvəl Renuar, Sezann və Matissin mart ayında Parmadakı “Magnani Rocca” Fondundan oğurlanan və ümumi dəyəri təxminən 10 milyon avro olan üç rəsminin tapıldığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz