
İndoneziyada bir gündə üç zəlzələ baş verib.
Yeniavaz.com “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, son zəlzələ İndoneziya sahillərində 5,7 bal gücündə olub.
Yeraltı təkanlar saat 16:25-də (Bakı vaxtı ilə saat 20:25) 355 min nəfərin yaşadığı Samarinda şəhərindən 359 km cənubda baş verib.
Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
İndoneziya Milli Axtarış və Xilasetmə İdarəsi zəlzələ nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını bildirib. Zəlzələ nəticəsində yaralananların sayı isə 101 nəfər olub.
Üç zəlzələdən birincisi Flores adası yaxınlığında təxminən 10 kilometr dərinlikdə 7,7 bal gücündə baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı verilsə də, xəbərdarlıq sonradan ləğv edilib.
Digər zəlzələ isə Şimali Sumatrada qeydə alınıb. Burada baş verən zəlzələ 6,4 bal gücündə olub.
İndoneziya Meteorologiya İdarəsinin məlumatına görə, əsas zəlzələdən sonra ən azı 235 təkrar təkan qeydə alınıb.
Xilasedicilər zəlzələnin çoxsaylı sürüşmələrə səbəb olduğu Floresin altı rayonunda axtarış əməliyyatlarını davam etdirirlər. Xüsusilə diqqət ən çox təsirlənən rayonlara - Manqqarai, Şərqi Manqqarai və Naqekeoya yönəldilib.
Zəlzələ 900-dən çox evin tamamilə dağılmasına, 450-ə yaxın evin isə ziyan görməsinə səbəb olub. Təxminən 5000 insan evlərini tərk etmək və müvəqqəti sığınacaqlara sığınmaq məcburiyyətində qalıb.
Sürüşmələr həmçinin adanın yaşayış məntəqələrini birləşdirən təxminən 700 kilometrlik Trans-Flores magistral yolunun bəzi hissələrini də bağlayıb.
Qeyd edək ki, İndoneziya Sakit okeanın “Alov Halqasi”nda yerləşir və müntəzəm olaraq zəlzələlər və vulkan püskürmələri ilə qarşılaşır. Flores artıq böyük təbii fəlakətlərlə üzləşib: 1992-ci ildə baş verən zəlzələ və sunami təxminən 2500 insanın həyatına son qoyub.
Tətbiqimizi yükləyə bilərsiniz