
Rusiyanın Hindistanın neft idxalındakı payı iyul ayında rekord səviyyəyə yüksəlib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, iyul ayında Rusiya nefti Hindistanın ümumi neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir.
Beləliklə, Hindistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Bununla belə, göstərici iyun ayında qeydə alınan gündəlik 2,6 milyon barellik rekorddan 4,8 faiz aşağı olub.
Hindistanın Rusiya neftinə tələbatının artmasında Yaxın Şərqdəki gərginlik və qlobal neft tədarükündə yaranan risklər də rol oynayıb. Daha əvvəl Hindistan neft emalı şirkətləri ABŞ tərəfindən əlavə tariflərin tətbiqi ehtimalına görə Rusiya neftinin alışını azaltmağa başlamışdı. Eyni zamanda, Nyu-Dehli Vaşinqtonla ticarət sazişi üzrə danışıqlar aparırdı.
Lakin ABŞ-nin İranla hərbi qarşıdurmasının kəskinləşməsi, Hörmüz boğazında daşımaların məhdudlaşması və neft tədarükündə yaranan fasilələr Hindistan şirkətlərini Rusiya neftini almağa davam etməyə vadar edib.
Digər tərəfdən, avqust ayında ABŞ Senatı Rusiya neftinin alıcılarına 100 faizlik tarif tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Sənədin qüvvəyə minməsi üçün onun ABŞ Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, apreldə başlayan cari maliyyə ilinin ilk dörd ayında Rusiyanın Hindistanın neft idxalındakı payı da rekord səviyyəyə – 43,25 faizə çatıb. Bu dövrdə Hindistan gündəlik orta hesabla 2 milyon bareldən çox Rusiya nefti alıb. Bir il əvvəl isə Rusiyanın Hindistanın neft idxalındakı payı 37 faiz təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz