
Lixtenşteyn Şahzadəsi Evi ölkədə taxt-taca varislik qaydalarını dəyişdirəcək.
Yeniavaz.com “Associated Press”ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, bundan sonra cinsindən asılı olmayaraq, ailənin ilk doğulan övladı taxt-tacın varisi olacaq.
Bunu vəliəhd şahzadə Alois avqustun 15-də ölkənin Milli Günü münasibətilə etdiyi çıxışında açıqlayıb.
Alois bildirib ki, yeni qaydalara əsasən, “gələcəkdə cinsindən asılı olmayaraq, ilk doğulan uşaq taxt-tacın varisi, sonradan isə Lixtenşteynin şahzadəsi olacaq”.
Dəyişiklik yaxın gələcəkdə ölkənin taxt-tac varisliyinə təsir göstərməyəcək. Hazırda 81 yaşlı Şahzadə Hans-Adam II dövlət başçısı olaraq qalır. O, 2004-cü ildə səlahiyyətlərinin böyük hissəsini hazırda 58 yaşında olan böyük oğlu Aloisə ötürüb. Bu addım Şahzadələr sülaləsinin hakimiyyətin növbəti nəslə ötürülməsi ənənəsinə uyğun olub.
Aloisin dörd övladı var. Onun 31 yaşlı böyük oğlu Şahzadə Cozef Venzel hazırda atasından sonra taxt-taca əsas namizəd hesab olunur.
Təxminən 40 min əhalisi olan Lixtenşteyn Avropanın ən varlı ölkələrindən biri kimi tanınır. Ölkədə monarxiyanın səlahiyyətləri də kifayət qədər genişdir. Şahzadə referendumları bloklaya, hakimləri təyin edə və hökuməti istefaya göndərə bilər.
Varislik qaydalarının dəyişdirilməsi uzun müddət mühafizəkar normaları qoruyub saxlayan Lixtenşteyndə qadınların siyasi və ictimai həyatda rolunun genişləndirilməsi istiqamətində daha bir addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Lixtenşteyn qadınlara milli seçkilərdə səsvermə hüququ verən sonuncu Avropa ölkəsi olub. Bu hüquq qadınlara yalnız 1984-cü ildə verilib.
Ötən il isə ölkə tarixində ilk dəfə qadın baş nazir seçilib. Brigitte Haas Lixtenşteyn hökumətinə rəhbərlik edən ilk qadın olub.
Tətbiqimizi yükləyə bilərsiniz