
İspaniyada Cəbəllütariq boğazı və Kadis körfəzi ərazisində yaşayan ən yaşlı qatil balina Toninin bədənində yeni xəsarətlər aşkarlanıb.
Yeniavaz.com “Euronews”a istinadən xəbər verir ki, təxminən 60 yaşlı Toni bu ərazidə yaşayan qatil balina populyasiyasının “nənəsi” hesab olunur. Mütəxəssislər bu həftə onun arxa üzgəcində və bel nahiyəsində təxminən 12 yeni iz müəyyən ediblər. Bildirilir ki, həmin xəsarətlər bir neçə həftə əvvəl çəkilən fotoşəkillərdə görünməyib.
“WeWhale” təbiəti mühafizə təşkilatı əvvəlki və yeni fotoşəkilləri müqayisə etdikdən sonra hadisə ilə bağlı həyəcan təbili çalıb. Təşkilatın təsisçisi Janek Andre xəsarətlərin mərmi atəşi nəticəsində yarana biləcəyini istisna etməyib.
Atlantik Qatil Balina İşçi Qrupunun ilkin texniki qiymətləndirməsinə əsasən, izlər təxminən 9 millimetrlik qurğuşun mərmilərinin təsirinə uyğun ola bilər. Tədqiqatçılar qeyd edirlər ki, ov sursatlarında üç sıra düzülmüş mərmilərdən istifadə olunur və Toninin bədənindəki izlərin yerləşmə forması bu ehtimalla uyğunluq təşkil edə bilər.
İspaniyanın Ekoloji Keçid və Demoqrafik İşlər Nazirliyi hadisədən avqustun 11-də xəbər tutub. Növbəti gün Biomüxtəliflik, Meşələr və Səhralaşma üzrə Baş Direktorluq hadisənin səbəblərini müəyyənləşdirmək və zərurət yaranarsa məsul şəxsləri müəyyən etmək məqsədilə ilkin araşdırmaya başlayıb.
Ekoloji Keçid naziri Sara Agesen orkanın bədənində mərmi zərbəsinə uyğun izlərin aşkarlandığını təsdiqləyib. Nazir bildirib ki, qatil balinalar həssas növ olduğundan onlara zərər vurulması ciddi qanun pozuntusu hesab olunur.
Mütəxəssislərin Toninin 20 ildən artıq müddəti əhatə edən fotoarxivinə çıxışı var. Bu materiallar vasitəsilə heyvanın əvvəlki vəziyyəti ilə hazırkı xəsarətlərini müqayisə etmək mümkün olacaq.
Bununla belə, İspaniya hakimiyyəti Toninin həqiqətən də vurulduğunu hələlik rəsmi təsdiqləməyib. Xəsarətlərin mənşəyinin müəyyənləşdirilməsi üçün fotoşəkillərin və arxiv materiallarının ətraflı təhlili, həmçinin Toninin və onun qrupunun müşahidəsi aparılmalıdır. Mərmi zərbəsi hazırda yalnız əsas işçi versiya olaraq qalır.
Cəbəllütariq boğazı və Kadis körfəzində yaşayan qatil balinalar İspaniyanın nəsli kəsilmək təhlükəsi olan növlər siyahısında həssas növ kimi qeydiyyatdadır. Qanun bu heyvanların öldürülməsini, tutulmasını, təqib edilməsini və narahat olunmasını qadağan edir. Gəmilərin qatil balinalara 500 metrdən yaxın məsafəyə gəlməsi, onlarla qarşılıqlı əlaqəyə girməsi, onları yemləməsi, hərəkət istiqamətlərini bağlaması və ya qrupları ayırması da qadağandır.
Qaydalara əməl etməyən şəxslər 2 milyon avroyadək cərimə və bəzi hallarda cinayət məsuliyyəti ilə üzləşə bilərlər.
2020-ci ildən etibarən Cəbəllütariq boğazı və Kadis körfəzində qatil balinalarla gəmilər arasında təmasların sayı artıb. Bu səbəbdən İspaniyanın Nəqliyyat Nazirliyi və Ekoloji Keçid Nazirliyi mümkün olduğu hallarda aprel-avqust aylarında həmin ərazidə naviqasiyadan çəkinməyi tövsiyə edir. Qatil balinalarla qarşılaşma zamanı dənizçilərə sahilə doğru hərəkət etmək, heyvanlara zərər verə biləcək manevrlərdən çəkinmək və hadisə barədə xilasetmə xidmətlərinə məlumat vermək tövsiyə olunur.
Tətbiqimizi yükləyə bilərsiniz