SOCAR 86,3 milyard manatlıq gəlirin 50,6 milyardını İsveçrədə qazanıb


Ötən il SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, şirkətin əməliyyat fəaliyyətindən mənfəəti əvvəlki illə müqayisədə 80% artaraq 5,2 milyard manata yüksəlib.
Şirkətin xalis mənfəəti isə təxminən 3 milyard manat olub. SOCAR-ın faizlər, vergilər və amortizasiyadan əvvəlki mənfəəti 10,9 milyard manat təşkil edib və bu, 2024-cü illə müqayisədə 26% artım deməkdir.
Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları, eləcə də təbii qazın satışından formalaşıb.
SOCAR 2025-ci ildə dövlətə dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər formasında ümumilikdə 3,8 milyard manat ödəniş edib.
2021–2025-ci illər ərzində isə şirkətin dövlətə bu istiqamətlər üzrə ümumi ödənişləri 15,9 milyard manata çatıb. Eyni dövrdə dövlət tərəfindən SOCAR-a yatırılan vəsaitin ümumi həcmi 1,6 milyard manat olub.
SOCAR-ın 2025-ci il üzrə konsolidə edilmiş gəlirlərinin coğrafi bölgüsünə əsasən, ən böyük gəlir İsveçrədən əldə edilib. Belə ki, İsveçrənin payına 50,6 milyard manat gəlir düşüb. Bu göstərici 2024-cü ildə 53,9 milyard manat olub.
İkinci yerdə Türkiyə qərarlaşıb. SOCAR-ın Türkiyədəki gəlirləri 2025-ci ildə 16,5 milyard manat təşkil edib. 2024-cü ildə bu rəqəm 9,65 milyard manat olub.
Azərbaycan üzrə gəlirlər 13,7 milyard manat təşkil edib. Bu göstərici 2024-cü ildə 8,2 milyard manat olub. Bunlardan başqa BƏƏ üzrə 1 milyard manat (2024-ci ildə 8,8 milyard manat), Gürcüstan üzrə 1,7 milyard manat ( 1,56 milyard manat) gəlir əldə edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top