
Bir ABŞ vətəndaşı təqaüdə çıxıb Azərbaycanda rahat həyat yaşamaq istəsə, təxminən 270 min dollar vəsaitə ehtiyacı ola bilər.
Yeniavaz.com xəbər verir ki, belə bir hesabatı “NetCredit” təşkilatı “Numbeo”nun yaşayış xərcləri məlumatları əsasında hazırlayıb.
Qeyd edək ki, bu hesabatda Azərbaycan vətəndaşının xərcləri yox, ABŞ-də təqaüdə çıxan şəxsin başqa ölkəyə köçərək orada yaşaması halında nə qədər vəsaitə ehtiyacı olacağı göstərilib.
Sənəddə göstərilir ki, ABŞ-də insanların təqaüdə çıxdığı yaşla ölkədə orta ömür uzunluğu arasındakı fərq 14 il 8 ay təşkil edir. Yəni, bir ABŞ vətəndaşı təqaüdə çıxdıqdan sonra orta hesabla 14 il 8 ay yaşayır.
Hesabatda qeyd olunur ki, ABŞ vətəndaşı təqaüdə çıxıb öz ölkəsində yaşasa, bu məbləğ 738 min dollar olacaq. Bu, Azərbaycandakı göstəricidən təxminən 2,7 dəfə çoxdur. Hesabatda ABŞ vətəndaşının digər ölkələrdə yaşaması halında ona nə qədər vəsaitin lazım olacağı da göstərilib.
Bildirilir ki, ABŞ vətəndaşı təqaüdə çıxıb Sinqapurda yaşasa ona 1 milyon 146 min dollar lazım olacaq. Bu hesabatda yer alan 95 ölkə arasında ən yüksək göstərici olub. Növbəti yerlərdə İslandiya (893 min dollar), İsveçrə (859 min dollar) və Lüksemburq (794 min dollar) qərarlaşıb.
Ən az vəsait tələb olunan ölkələr isə Pakistan (187 min dollar), Hindistan (189 min dollar), Banqladeş (190 min dollar) və Nepal (214 min dollar) olub.
Müqayisə üçün bildirək ki, son rəsmi məlumata görə, Azərbaycanda yaşa görə orta aylıq pensiya 632 manat (372 dollar) təşkil edir. Əgər Azərbaycanda təqaüdə çıxan bir şəxs ABŞ vətəndaşı kimi 14 il 8 ay yaşasa, onun xərcləyə biləcəyi məbləğ orta hesabla 65,5 min dollar olcaq. Bu isə ABŞ vətəndaşının təqaüdə çıxıb Azərbaycanda rahat həyat yaşaya bilməsi üçün lazım olan 270 min dollar vəsaitlə müqayisədə 4,1 dəfə azdır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz