Azərbaycan əmək qabiliyyətli əhalinin payına görə ilk 15 ölkə arasında yer alır


Dünya ölkələri arasında əmək qabiliyyətli əhalinin payına görə ən yüksək göstəricilər Körfəz ölkələrində qeydə alınıb.
Yeniavaz.com
“Worldostats”a istinadən xəbər verir ki, 15–64 yaş aralığında olan insanların ümumi əhaliyə nisbətinə görə Azərbaycan dünyada ilk 15-likdə yer alıb.
Belə ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin ümumi əhaliyə nisbəti 69,7% olub.
Reytinqə 83,3 faiz göstərici ilə Qətər başçılıq edir. Birləşmiş Ərəb Əmirlikləri 82 faizlə ikinci, Küveyt isə 78,4 faizlə üçüncü sıradadır. İlk beşlikdə həmçinin Bəhreyn və Maldiv adaları yer alıb.
Reytinqdə Körfəz ölkələrinin üstünlük təşkil etməsi diqqət çəkir. İlk 15-likdə Qətər, BƏƏ, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Oman olmaqla altı Körfəz ölkəsi yer alır.
Mütəxəssislər bu ölkələrdə əmək qabiliyyətli əhalinin yüksək payının əsas səbəblərindən biri kimi miqrasiyanı göstərirlər. Körfəz iqtisadiyyatları uzun illərdir çoxsaylı xarici işçi qüvvəsi cəlb edir. Xaricdən gələn işçilərin böyük hissəsinin əmək qabiliyyətli yaş qrupunda olması həmin ölkələrin demoqrafik strukturuna təsir edir.
Qətərdə yerli vətəndaşların əmək bazarında iştirakını artırmaq məqsədilə “Qətərləşdirmə” siyasəti həyata keçirilsə də, xarici işçilər ölkə iqtisadiyyatında mühüm rol oynamaqda davam edir.
Reytinqdə Asiya ölkələri də xüsusi yer tutur. Maldiv adaları 75,6 faizlə beşinci, Sinqapur isə 75,2 faizlə altıncı sıradadır. Cənubi Koreya, Malayziya və Tayland da ilk 15-likdə qərarlaşıb.
Mütəxəssilər bildirirlər ki, körfəz ölkələrindən fərqli olaraq Azərbaycanda əmək qabiliyyətli insanların payının çox olması keçmişdə doğum səviyyəsinin yüksək olması və orta ömür müddətinin aşağı olması ilə bağlıdır.
Əmək qabiliyyətli əhalinin payına görə dünyada ilk sıralarda yer alan 15 ölkə aşağıdakı kimi olub:
Qətər – 83,3%
Birləşmiş Ərəb Əmirlikləri – 82%
Küveyt – 78,4%
Bəhreyn – 77,4%
Maldiv adaları – 75,6%
Sinqapur – 75,2%
Səudiyyə Ərəbistanı – 73,1%
Yamayka – 73%
Bruney – 72,5%
Butan – 72,2%
Oman – 72,1%
Cənubi Koreya – 70,7%
Malayziya – 70,3%
Tayland – 70,2%
Azərbaycan – 69,7%


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top