Sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı minlərlə məhkəmə prosesi keçirilir


ABŞ-də “Meta”, “Google”ın “YouTube” platforması, “TikTok”un sahibi “ByteDance” və “Snap” şirkətləri sosial şəbəkələrin uşaqlar və yeniyetmələrə təsiri ilə bağlı minlərlə məhkəmə iddiası ilə üzləşir.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, ştatlar, müxtəlif məktəblər və fərdi istifadəçilər şirkətləri sosial media platformalarını gənclərdə asılılıq yarada biləcək şəkildə dizayn etməkdə, həmçinin uşaqların və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərməkdə ittiham edirlər.
İddiaçılar sosial media istifadəsinin gənclər arasında depressiya, narahatlıq, bədən imici problemləri və daha geniş psixi sağlamlıq böhranı ilə əlaqəli olduğunu bildirirlər.
Şirkətlər isə ittihamları rədd edir. Onlar platformalarında uşaqları və yeniyetmələri qorumaq üçün müxtəlif təhlükəsizlik mexanizmlərinin tətbiq olunduğunu bildirirlər. Şirkətlər həmçinin ABŞ qanunvericiliyinə, o cümlədən Kommunikasiya Nəzakəti Qanununun 230-cu maddəsinə istinad edirlər. Həmin maddənin müəyyən hallarda platformaları istifadəçilərin yerləşdirdiyi məzmuna görə məsuliyyətdən qoruduğunu qeyd edirlər.
ABŞ-nin demək olar ki, bütün ştatları sosial media şirkətlərinə qarşı məhkəmə iddiaları qaldırıb. İddialarda platformaların uşaqlar və yeniyetmələr üçün zərərli ola biləcək mexanizmlərdən istifadə etdiyi və onların təhlükəsizliyi barədə ictimaiyyəti yanlış məlumatlandırdığı bildirilir.
Ən diqqətçəkən işlərdən biri Nyu-Meksiko ştatı ilə “Meta” arasındakı məhkəmə prosesidir. Ştat “Meta”nı uşaqları “Instagram”, “Facebook” və” WhatsApp”da cinsi istismardan lazımi səviyyədə qorumamaqda və platformaların təhlükəsizliyi barədə istifadəçiləri yanıltmaqda ittiham edib.
Mart ayında münsiflər heyəti “Meta”ya qarşı 375 milyon dollar mülki təzminat təyin edib. İşin ikinci mərhələsində hakim şirkətin fəaliyyətinin ştat ərazisində uşaqlara zərər vurduğunu müəyyən edib. Daha sonra “Meta”ya əlavə olaraq 567 milyon dollar təzminat təyin olunub və şirkətə gənclərin təhlükəsizliyinin artırılması üçün konkret tədbirlər görmək tapşırılıb. “Meta” qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
Tennessi ştatının Neşvill şəhərində də “Meta”ya qarşı məhkəmə prosesi davam edir. Ştat şirkəti istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunları pozmaqda ittiham edir və maliyyə sanksiyaları ilə yanaşı, yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyi iddia olunan bəzi “Instagram” funksiyalarının dəyişdirilməsini tələb edir.
Avqustun 12-də Kaliforniyadakı federal məhkəmədə Kolorado, Kentukki, Kaliforniya və Nyu-Cersi ştatlarının iddialarına baxılmasına başlanılıb. Ştatlar “Meta” platformalarının gənc istifadəçiləri mümkün qədər uzun müddət platformada saxlamaq üçün asılılıq yarada biləcək şəkildə dizayn edildiyini iddia edirlər.
İşə 29 ştatın “Meta”nı federal qanunları pozaraq uşaqların məlumatlarını toplamaq və istifadə etməkdə ittiham etdiyi iddialar da daxildir.
Sosial media şirkətlərinə qarşı iddialara 1000-dən çox məktəb da qoşulub.
Məktəblər platformaların gənc istifadəçiləri uzun müddət onlayn saxlamaq üçün hazırlandığını və bunun şagirdlər arasında narahatlıq, depressiya və özünə zərərvermə kimi problemlərlə nəticələndiyini iddia edirlər.
Məktəblər sosial medianın mənfi təsirləri ilə mübarizə aparmaq üçün əlavə maliyyə xərcləri çəkdiklərini bildirir və bu xərclərin şirkətlər tərəfindən qarşılanmasını tələb edirlər.
Şirkətlərə qarşı fərdi istifadəçilər tərəfindən də minlərlə məhkəmə iddiası qaldırılıb. Los-Ancelesdəki ştat məhkəməsində 3300-dən çox belə işin olduğu bildirilir. Bununla yanaşı, federal məhkəmələrdə də fərdi iddialara baxılır.
Fərdi istifadəçinin sosial media istifadəsi nəticəsində üzləşdiyi zərəri araşdıran ilk məhkəmə işlərindən birində gənc qadın sosial media asılılığının onda depressiya və narahatlığa səbəb olduğunu iddia edib.
Mart ayında Los-Ancelesdəki münsiflər heyəti “Meta” və “Google”ı səhlənkarlıqda təqsirli bilib. “Meta”ya 4,2 milyon dollar, “Google”a isə 1,8 milyon dollar təzminat ödəmək tapşırılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top