“Landmark”dakı 122 əşya yarım milyon manata hərraca çıxarıldı – Foto


Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 90A ünvanında yerləşən 122 adda əşya hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan əşyaların minimal satış qiyməti 478 min 856 manat təşkil edir.
Hərraca çıxarılan əşyaların arasında çoxsaylı rəsm əsərləri və heykəllər də yer alır.
Hərraca çıxarılan 20 ədəd rəsm əsərinin minimum satış qiyməti 206 min 550 manat, 8 ədəd müxtəlif ölçülü heykəlin minimum satış qiyməti isə 27 min 625 manat təşkil edib.
Bunlardan başqa, əşyaların arasında çilçıraqlar, televizorlar, kondisionerlər, pianinolar, soyuducular, blenderlər, sobalar, tosterlər, ətçəkən maşınlar, dönər aparatı, buz maşını, qızdırıcılar və s. yer alır.

Qeyd edək ki, qeyd olunan ünvanda – Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 90A ünvanında “Landmark” biznes mərkəzi fəaliyyət göstərir.
Onu da bildirək ki, 2 il əvvəl 21 mərtəbəli “Landmark” biznes mərkəzi də hərrac vasitəsilə satışa çıxarılıb. Sahəsi 32 min 653,75 kvadratmetr olan biznes mərkəzi alıcılara 120 milyon manata təklif olunub. Daha sonra mətbuatda yer alan məlumatlarda biznes mərkəzinin “Aqrarkredit” QSC tərəfindən satın alındığı bildirilib.
Məlumat üçün bildirək ki, “Landmark” biznes mərkəzi kiprli iş adamı Sami Efruza məxsus olub. Sami Efruz vəfat etdikdən sonra biznes mərkəzi onun oğlu Eran Müdüroğlu tərəfindən idarə olunub. Mərkəzin rəhbəri də Eran Müdüroğlunun həyat yoldaşı Nərgiz Nəsrullayeva olub. Nərgiz Nəsrullayeva 1996-2001-ci illərdə Azərbaycanın iqtisadiyyat naziri, 2001-2007-ci illərdə isə Hesablama Palatasının sədri vəzifəsində işləyən Namiq Nəsrullayevin qızıdır.
Onu da qeyd edək ki, daha əvvəl mətbuatda Eran Müdüroğlu və Nərgiz Nəsrullayevanın ölkəni tərk etdikləri barədə məlumatlar yayılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top