“Yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixrac da olacaq” – Paşinyan


Ermənistanın Baş naziri Nikol Paşinyan süni intellekt layihələrinin inkişafı kontekstində ölkənin elektrik enerjisi çatışmazlığı ilə üzləşə biləcəyini və bu məsələdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə o, Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinq zamanı danışıb.
Ermənistanın Baş naziri azərbaycanlı mütəxəssislərin Ermənistana səfər etdiklərini bildirib. Onun sözlərinə görə, azərbaycanlı mütəxəssislərin səfərləri elektrik ötürücü xətləri və dəmir yolları üzrə əvvəllər elan edilmiş işçi görüşlər çərçivəsində baş tutub.
Paşinyan bildirib ki, 5 sentyabr 2025-ci il və 15 yanvar 2026-cı il tarixlərində keçirilən ikitərəfli görüşlərin təfərrüatları rəsmi olaraq mətbuatda dərc edilib və mütəxəssislər elektrik xətlərinin, boru kəmərlərinin və kabellərin çəkilməsi, eləcə də dəmir yolu xidmətinin bərpası məsələlərini müzakirə ediblər.  
“Bu yaxınlara qədər biz Ermənistanın elektrik enerjisi artıqlığından danışırdıq. İndi isə Ermənistanın elektrik enerjisinə potensial ehtiyacı barədə danışmalıyıq. Çünki süni intellekt zavodları sürətlə inkişaf edir və onlar təsəvvür etdiyimizdən daha çox elektrik enerjisi istehlak edirlər. Buna görə də, biz elektrik enerjisinin idxalı və ixracı baxımından, Azərbaycanla, eləcə də Türkiyə, İran, Gürcüstan və digər ölkələrlə əməkdaşlıq edə bilərik”, - deyə o, qeyd edib.
Digər tərəfdən, Paşinyan yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixracın da olacağını bildirib.
“Azərbaycanla qarşılıqlı mal ticarəti üçün gündəm var və yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixrac da həyata keçiriləcək”, - Paşinyan qeyd edib.
Ancaq o, hansı mallardan söhbət getdiyini dəqiqləşdirməyib.

DİGƏR XƏBƏRLƏR

Top