
Böyük Britaniyanın ictimai rəy və bazar araşdırmaları şirkəti “YouGov”un keçirdiyi sorğunun nəticələrinə görə, Avropa ölkələrində Rusiya, Kanada və Avstraliyada isə ABŞ dünya sülhünə ən böyük təhdid kimi qəbul edilir.
Yeniavaz.com xəbər verir ki, sorğuda yeddi ölkədən 14 min 725 yetkin şəxs iştirak edib.
Respondentlərdən hansı ölkəni dünya sülhünə ən böyük təhdid hesab etdikləri soruşulub.
Sorğunun nəticələrinə görə, Avropanın bütün iştirakçı ölkələrində Rusiya ilk sırada qərarlaşıb. Rusiyanı dünya sülhünə ən böyük təhdid hesab edənlərin payı Polşada 59%, Almaniyada 42%, Böyük Britaniyada 39%, Fransada isə 33% təşkil edib.
ABŞ-də isə nəticələr daha çox bölünüb. Respondentlərin 21%-i İranı, 16%-i Rusiyanı, 15%-i ABŞ-nin özünü, 14%-i Çini, 11%-i isə İsraili ən böyük təhdid kimi göstərib.
Kanada və Avstraliyada isə fərqli mənzərə müşahidə olunub. Kanadada respondentlərin 37%-i ABŞ-ni dünya sülhünə ən böyük təhdid hesab edib. Rusiyanı seçənlərin payı 15% olub. Avstraliyada isə ABŞ-ni seçənlərin payı 30%, Rusiyanı seçənlərin payı 14% təşkil edib.
ABŞ Böyük Britaniya və Almaniyada da ikinci yerdə qərarlaşıb. Bu ölkələrdə respondentlərin müvafiq olaraq 25%-i və 22%-i ABŞ-ni dünya sülhünə ən böyük təhdid kimi göstərib.
Sorğuda Çinlə bağlı da regional fərqlər diqqət çəkib. Çini Avropanın dörd ölkəsində respondentlərin yalnız 2-3%-i ən böyük təhdid hesab edib. Bu göstərici Avstraliyada 13%, ABŞ-də isə 14% olub.
İsrailə münasibətdə isə ölkələr arasında fərq daha az olub. Yeddi ölkənin hamısında respondentlərin 9-14%-i İsraili dünya sülhünə ən böyük təhdid kimi qiymətləndirib.

Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz