
Dünyada ən çox mübadilə olunan 36 valyutadan bəziləri son bir ildə ABŞ dolları qarşısında bahalaşıb, bəziləri isə ucuzlaşıb.
Yeniavaz.com “Deutsche Bank”ın məlumatlarına istinadən xəbər verir ki, ən yaxşı nəticəni Kolumbiya pesosu göstərib.
Bu valyuta bir il ərzində ABŞ dollarına qarşı 19,2% bahalaşıb. İkinci yerdə 13,2%-lik artımla İsrail şekeli qərarlaşıb. Macarıstan forinti 8,9%, Cənubi Afrika randı 8,1%, Meksika pesosu isə 7,7% dəyər qazanıb.
Asiya valyutalarının əksəriyyətində isə əks istiqamətdə dinamika müşahidə olunub. Cənubi Koreya vonu 12,6%, Yaponiya yeni 11,3%, Hindistan rupisi 9,4%, İndoneziya rupisi isə 9,3% ucuzlaşıb.
Ən böyük itki Argentina pesosunda qeydə alınıb. Peso son bir ildə ABŞ dollarına qarşı 18,9% dəyər itirib. Bununla da Kolumbiya və Argentina valyutaları arasında dəyişiklik baxımından 38,1 faiz bəndlik fərq yaranıb.
Qeyd olunur ki, valyutaların göstəricilərinə faiz dərəcələri, enerji qiymətləri, investorların tələbi və ölkələrin valyuta siyasəti kimi amillər təsir edib. Xüsusilə enerji idxalından asılı Yaponiya, Cənubi Koreya və Hindistan kimi ölkələrdə yüksək enerji qiymətləri dollar tələbatını artıraraq milli valyutalara təzyiq göstərib.
Bəzi valyutaların dollar qarşısında demək olar ki, dəyişməməsinin səbəbi isə onların ABŞ dollarına bağlı olmasıdır. Honkonq dolları 0,1% bahalaşıb, BƏƏ dirhəmi və Qətər riyalı isə dəyişməyib. Səudiyyə riyalı cəmi 0,2% ucuzlaşıb.
Dünyada bəzi aparıcı valyutaların son bir ildə ABŞ dollarına qarşı dəyəri aşağıdakı kimi dəyişib:
Kolumbiya pesosu – 19,2% bahalaşıb;
İsrail şekeli – 13,2% bahalaşıb;
Macarıstan forinti – 8,9% bahalaşıb;
Cənubi Afrika randı – 8,1% bahalaşıb;
Meksika pesosu – 7,7% bahalaşıb;
Çin yuanı – 5,6% bahalaşıb;
Avstraliya dolları – 5,2% bahalaşıb;
Braziliya realı – 5,2% bahalaşıb;
Malayziya ringgiti – 3,1% bahalaşıb;
Norveç kronu – 1,8% bahalaşıb;
Çili pesosu – 1,0% bahalaşıb;
Misir funtu – 0,8% bahalaşıb;
Honkonq dolları – 0,1% bahalaşıb;
BƏƏ dirhəmi – dəyişməyib;
Qətər riyalı – dəyişməyib;
Səudiyyə riyalı – 0,2% ucuzlaşıb;
Rusiya rublu – 0,4% ucuzlaşıb;
Çexiya kronası – 1,1% ucuzlaşıb;
Sinqapur dolları – 1,7% ucuzlaşıb;
İsveçrə frankı – 1,8% ucuzlaşıb;
Tayland batı – 2,3% ucuzlaşıb;
İsveç kronu – 2,4% ucuzlaşıb;
Avro – 3% ucuzlaşıb;
Danimarka kronu – 3,1% ucuzlaşıb;
Funt sterlinq – 3,4% ucuzlaşıb;
Kanada dolları – 4,1% ucuzlaşıb;
Polşa zlotısı – 4,2% ucuzlaşıb;
Yeni Zelandiya dolları – 6,8% ucuzlaşıb;
Tayvan dolları – 8,2% ucuzlaşıb;
Filippin pesosu – 8,2% ucuzlaşıb;
İndoneziya rupisi – 9,3% ucuzlaşıb;
Hindistan rupisi – 9,4% ucuzlaşıb;
Yapon yeni – 11,3% ucuzlaşıb;
Cənubi Koreya vonu – 12,6% ucuzlaşıb;
Türk lirəsi – 14,6% ucuzlaşıb;
Argentina pesosu – 18,9% ucuzlaşıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz