
Azərbaycan manatının əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı real məzənnəsi açıqlanıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin iyun ayında manatın ABŞ dolları qarşısındakı real məzənnə indeksi 134,4 təşkil edib.
Müqayisə üçün bildirək ki, 2025-ci ilin iyun ayında bu göstərici 131,3 olub. Beləliklə, bir il ərzində manatın ABŞ dollarına qarşı real məzənnə indeksi 2,4% artıb.
Manatın Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı real məzənnə indeksi 2025-ci ilin iyunundan 2026-cı ilin iyun ayınadək aşağıdakı kimi dəyişib:
ABŞ dolları – 131,3-dən 134,4-ə;
Avro – 114,4-dən 117,9-a;
İngiltərə funtu – 145,4-dən 152,4-ə;
Türkiyə lirəsi – 190,2-dən 178,7-yə;
Rusiya rublu – 80,2-dən 74,6-ya;
Ukrayna qrivnası – 123,2-dən 130,5-ə;
Gürcüstan larisi – 103,6-dan 100,9-a;
Qazaxıstan tengəsi – 110,7-dən 100,4-ə;
Yaponiya yeni – 260,5-dən 302,1-ə;
İsrail şekeli – 133,2-dən 116,6-ya;
Çin yuanı – 133,4-dən 131,6-ya;
Belarus rublu – 138,3-dən 129,7-yə;
Cənubi Koreya vonu – 93,4-dən 107,8-ə;
İsveçrə frankı – 80,3-dən 83,1-ə;
Hindistan rupisi – 100,3-dən 111,7-yə;
Özbəkistan somu – 98-dən 92,4-ə;
Polşa zlotısı – 97,5-dən 100,4-ə;
Rumıniya leyi – 96,6-dan 96,2-yə;
Çexiya kronu – 96,8-dən 98,3-ə.
Beləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə 2026-cı ilin iyununda manatın real məzənnə indeksində 19 valyutadan 10-na qarşı artım, 9-na qarşı isə azalma qeydə alınıb.
Ən böyük artım Yaponiya yeninə qarşı olub. Yenə qarşı real məzənnə indeksi 260,5-dən 302,1-ə yüksələrək 16% artıb. İkinci ən böyük artım Cənubi Koreya vonuna qarşı qeydə alınıb – 93,4-dən 107,8-ə yüksələrək 15,4% artıb. Hindistan rupisinə qarşı isə göstərici 11,4% yüksəlib.
Ən böyük azalma isə İsrail şekelinə qarşı qeydə alınıb. Göstərici 133,2-dən 116,6-ya düşüb ki, bu da 12,5% azalma deməkdir. Qazaxıstan tengəsinə qarşı real məzənnə 9,3%, Rusiya rubluna qarşı 7%, Belarus rubluna qarşı isə 6,2% azalıb.
Qeyd edək ki, real məzənnə indeksi nominal valyuta məzənnəsi ilə yanaşı, ölkələr arasındakı inflyasiya və qiymət səviyyəsi fərqlərini də nəzərə alır. Buna görə indeksdəki dəyişiklik yalnız manatın həmin valyutaya qarşı nominal bahalaşması və ya ucuzlaşması kimi qəbul edilməməlidir.
Real məzənnə birbaşa olaraq ölkənin xarici ticarət balansına təsir edir. Manat bahalaşdıqda Azərbaycan məhsulları xarici bazarlarda daha bahalı görünür, ixrac çətinləşir. Manat ucuzlaşdıqda isə ixrac stimullaşır, lakin idxal malları bahalaşır və daxili inflyasiya təzyiqi arta bilər.
Məsələn, manatın Rusiya rubluna qarşı real məzənnə indeksinin 80,2-dən 74,6-ə düşməsi o deməkdir ki, Rusiyadan idxal olunan məhsullar bahalaşıb. Əgər əvvəl 100 manatlıq vəsaitlə müəyyən həcmdə məhsul almaq mümkün idisə, indi eyni həcm üçün təxminən 7% daha çox xərc tələb olunur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz