
“Qızıl Günbəz” raketdən müdafiə sisteminin hazırlanmasında iştirak edən bir neçə Amerika şirkəti ilk sınaqlarını uğurla başa çatdırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ Kosmik Qüvvələri generalı Maykl Qetleynə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, “SpaceX” və “Northrop Grumman” sınaq seriyasını ilk başa vuran şirkətlər olub.
Sınaq zamanı şirkətlər ilk növbədə məlumatların ötürülməsini nəzərdən keçiriblər. Daha sonra şirkətlər hərəkətverici sistemlərin işini yoxlayıblar.
Sınaqların birinci mərhələsini başa vurduqdan sonra şirkətlər növbəti mərhələyə keçəcəklər və bu mərhələdə inkişaf etdirilən texnologiyaların imkanlarını birbaşa kosmosda nümayiş etdirməyə çalışacaqlar.
Qeyd edək ki, “Qızıl Günbəz” ABŞ tərəfindən hazırlanan və raket təhdidlərini aşkarlamaq və ələ keçirmək üçün yerüstü və kosmik vasitələrdən istifadəni əhatə edən çoxqatlı raketdən müdafiə sistemidir.
ABŞ hökuməti “Qızıl Günbəz” layihəsinin maliyyələşdirilməsini keçən ilin may ayında elan edib. ABŞ Konqresi layihənin həcmini 1,2 trilyon dollar olaraq qiymətləndirib.
Xatırladaq ki, bundan əvvəl Çin və Rusiya ABŞ-nin “Qızıl Günbəz” layihəsinə qarşı çıxmışdılar.
Tətbiqimizi yükləyə bilərsiniz