
İnsanların təxminən 90 faizinin sağ əlli olmasının səbəbi alimlər üçün hələ də tam aydın deyil.
Yeniavaz.com xəbər verir ki, bu xüsusiyyətin formalaşmasında bir neçə amil rol oynayıb. Əsas fərziyyələrdən biri isə beynin inkişafı və dilin yaranması ilə bağlıdır.
Tədqiqatçı Mikel Liorentenin sözlərinə görə, insanlarda sağ əlliliyin üstünlük təşkil etməsi digər heyvanlardan fərqlənir. Şimpanzelərdə solaxayların payı təxminən 33 faiz olduğu halda, insanlarda bu göstərici 10 faiz civarındadır.
Mütəxəssislərin ən geniş yayılmış fərziyyəsinə görə, dil ilk mərhələdə jestlər vasitəsilə formalaşıb. Beynin sol yarımkürəsi həm sağ əlin mürəkkəb hərəkətlərinin, həm də dil funksiyalarının idarə olunmasında mühüm rol oynadığından, bu iki xüsusiyyət arasında əlaqə yarana bilər.
Sağ əlliliyin milyonlarla il əvvələ gedib çıxdığını göstərən dəlillər də mövcuddur. Qədim insanların kəllə sümüklərində qorunan beyin izləri onların beynində asimmetriyanın olduğunu göstərir. Təxminən 2,5 milyon il əvvəl hazırlanmış daş alətlərin təhlili isə həmin dövrdə insanların əksəriyyətinin sağ əlli olduğunun sübutudur.
Alət hazırlamaq yüksək koordinasiya və dəqiqlik tələb etdiyindən, bu bacarıqların nəsildən-nəslə ötürülməsi sağ əlin üstünlüyünün möhkəmlənməsinə təsir göstərmiş ola bilər. Liorente bu prosesi “qar topu effekti” ilə əlaqələndirərək, alətlərdən istifadə, jestlər, dil və mədəniyyətin milyon illər ərzində bir-birini gücləndirdiyini bildirir.
Alimlər sağ və sol əl üstünlüyünün arxasında dayanan genləri də araşdırırlar. Lakin araşdırmalar bunun gözlənildiyindən daha mürəkkəb olduğunu göstərib. Bir milyondan çox insanın iştirak etdiyi tədqiqatda 42 genlə əlaqə müəyyən edilsə də, onların heç biri sağ əlliliyin səbəbini tam izah etmir.
Bəs solaxaylar niyə tarix boyu yox olmayıb?
Fərziyyələrdən birinə görə, solaxay olmaq yaxın məsafəli mübarizədə taktiki üstünlük verə bilər. Çünki insanların əksəriyyəti sağ əlli rəqiblərlə qarşılaşmağa öyrəşdiyindən, solaxay rəqib gözlənilməz üstünlük qazana bilər.
Bu göstəricinin boks və qılıncoynatma kimi idman növlərində 13-20 faizə yüksəlməsi həmin nəzəriyyəni qismən dəstəkləsə də, alimlər bunu hələlik yalnız fərziyyə hesab edirlər.
Mütəxəssislər vurğulayırlar ki, əl üstünlüyü sadə görünsə də, onun arxasında insan beyninin təkamülü, dil və mədəniyyətlə bağlı olduqca mürəkkəb proseslər dayanır.
Bu səbəbdən insanların niyə əsasən sağ əlli olduğu sualı hələ də tam cavabını tapmayıb.
Zöhrə İsazadə
Tətbiqimizi yükləyə bilərsiniz