Dolların bahalaşması ticarət mərkəzlərini ikiqat vurdu: "Sata bilmirik"

Dolların sürətlə bahalaşması əksər mal və məhsulların qiymətinə təsir göstərir. Bu isə təbii ki, əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Odur ki, satıcılar alıcı qıtlığından gileylənirlər. "Ucuzluq" adı altında bir çox şəhərlər kimi Mingəçevirdə də mağazalar fəaliyyət göstərir. Həmin mağazalarda da alıcı qıtlığı yaşanır.

Şəhərin Heydər Əliyev prospektində fəaliyyət göstərən belə mağazalardan birinin satıcısı deyir ki, elə gün olur ki, ümumiyyətlə heç nə sata bilmirlər: "Satdığımız malların qiyməti müştərilərin cibinə uyğundur. Keyfiyyəti də bahalı malların keyfiyyətindən geri qalmır. Günlərlə gəlib burada otururuq. Heç icarə haqqını belə ödəyə bilmirik. Belə getsə, biz də digər qapısı bağlanan ticarət köşkləri kimi qapımızı bağlayacağıq".

Digər müsahibimiz Həlimə Məmmədova uzun illər ticarətlə məşğul olduğunu bildirdi: "Mallarımı nə dollarla almamışam, nə də dollarla satmıram. Amma builki kimi bazarımız kasad olmamışdı. Heç bu işdən çıxış yolunu da görmürəm. Malların çoxunu "Sədərək"dən nisyə gətirmişəm. Belə getsə, mən də mağazanı bağlayacağam. Çünki yer pulunu, işıq pulunu, vergini öz cibimizdən ödəyirik. Bu da bizə sərf etmir. Səhər evdən necə gəliriksə, axşam da evə elə əliboş gedirik. Burda oturmaqdansa, ozümüzə iş yeri axtarmağımız daha məntiqlidir. Amma biz dədə-babadan ticarətçiyik, artıq bugünkü vəziyyət ticarətə son verməyimizi tələb edir".

Həmsöhbətimiz Səbinə Əliyeva isə vəziyyətinin daha ağır olduğunu dilə gətirdi. O, ticarət işi ilə məşğul olmaq üçün bankdan götürdüyü krediti ödəyə bilmədiyi dedi: "Fikirləşmişdim ki, ticarətlə məşğul olaram, 5-10 manat pul qazanaram. 4 yetim sahibiyəm. Alver də yoxdur, tamam batmışam, borc içində batan biz kiçik sahibkarlara dəstək lazımdır. Bank da verdiyi krediti istəyir. Bizim sonumuz necə olacaq?".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top