
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.
Şəhərlərdə onlarla binanın uçduğu, Manisales şəhərindəki tarixi bir kafedralın qülləsinin isə çökdüyü bildirilir.
Təxminən 2,2 milyon insanın yaşadığı Kali şəhərində uşaq şöbələri də daxil olmaqla böyük bir xəstəxananın yuxarı mərtəbələri uçub. Xəstəxananın baş həkimi “Caracol” telekanalına bildirib ki, bəzi xəstələr dağıntılar altında qalıb və onlardan təxminən 600-ü çöldə müalicə olunur.
Rəsmilər bildiriblər ki, indiyə qədər Kalidə 85 nəfərin öldüyü təsdiqlənib.
Pereyra şəhərində isə ən azı 66 nəfər həlak olub. Şəhərin hava limanı da daxil olmaqla çoxsaylı binalar zədələnib və ya uçub. Kali və Pereyra şəhərlərində komendant saatı elan edilib.
Digər tərəfdən, Kolumbiya zərərçəkənlərə kömək etmək və dağıntıları bərpa etmək üçün milli fəlakət rejimi elan edib. Həmçinin, 32 şəhərdə qırmızı həyəcan səviyyəsi elan olunduğu bildirilir.
Qeyd edək ki, avqustun 10-u səhər saatlarında Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Panama da daxil olmaqla qonşu ölkələrdə də hiss olunub.




Tətbiqimizi yükləyə bilərsiniz