
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə texnologiyaları sahəsində qüvvələrini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə təlimlər keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Məlumata görə, bu, payız sessiyasında Türkiyə parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək “Məkkə Sazişi”ndə nəzərdə tutulub.
Nəşrin məlumatına görə, üç ölkə arasında hərbi əməkdaşlığın ilk addımı uzunmüddətli hərbi əməkdaşlığın təməlini qoyacaq hərbi personalın mübadiləsi olacaq.
Birgə təlimlər potensial böhran vəziyyətlərində üç ölkənin silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə töhfə verəcək.
Tərəflər həmçinin bu məqsədlər üçün istehsal, texnologiya və tədqiqat imkanlarından istifadə edərək hərbi-sənaye kompleksində fəal əməkdaşlıq etməyi planlaşdırırlar.
Onlar eyni zamanda birgə fəaliyyətlərini əlaqələndirmək üçün institusional struktur yaratmağı nəzərdə tuturlar. Tərəflər Səudiyyə Ərəbistanında yerləşən katiblik və hərbi-siyasi komitə yaradacaq. Komitənin iclaslarında üç ölkənin xarici işlər və müdafiə nazirləri, eləcə də silahlı qüvvələrinin qərargah rəisləri iştirak edəcəklər.
Qeyd edək ki, saziş təkcə birgə təlimləri deyil, həm də kəşfiyyat və hərbi-sənaye sahəsində əməkdaşlığı nəzərdə tutur.
Xatırladaq ki, Məkkə müqaviləsi 7 avqustda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişdə ölkələrdən hər hansı birinə edilən hücumun bütün imzalayanlara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz