
“Odissey” filmi dünya üzrə yeni kassa rekorduna imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, filmin ümumi kassa gəliri 1,104 milyard dolları keçib.
Layihə bu uğura bir aydan az müddətdə nail olub. Belə ki, filmin premyerası iyulun 17-də baş tutub. Bununla da, film Kristofer Nolanın karyerasının ən çox gəlir gətirən filmi olub. Film rejissorun əvvəlki ən çox gəlir gətirən filmi olan “Qara Cəngavərin Yüksəlişi” filmini geridə qoyub.
Filmin istehsal xərcləri 250 milyon dollar təşkil edib ki, bu da Kristofer Nolanın ən bahalı filmidir.
“Odissey” həmçinin 2026-cı ilin ən çox gəlir gətirən filmlərindən biri olub və yalnız “Hörümçək Adam: Yeni Gün”dən sonra ikinci yeri tutur.
Nolanın filmlərinin dünya üzrə kassa gəlirlərinə görə sıralaması isə aşağıdakı kimidir:
1. “Odissey” (2026) – 1,104 milyard dollar.
2. “Qaranlıq Cəngavərin Yüksəlişi” (2012) – 1,085 milyard dollar.
3. “Qaranlıq Cəngavər” (2008) – 1,008 milyard dollar.
4. “Oppenheymer” (2023) – 975 milyon dollar.
5. “İnterstellar” (2014) – 764 milyon dollar.
5. “Başlanğıc” (2010) – 839 milyon dollar.
6. “Dunkerk” (2017) – 549 milyon dollar.
7. “Arqument” (2020) – 376 milyon dollar.
8. “Betmen: Başlanğıc” (2005) – 375 milyon dollar.
9. “Yuxusuzluq” (2002) – 113 milyon dollar.
10. “Prestij” (2006) – 109 milyon dollar.
Qeyd edək ki, film tarixi epik, mifologiya və macəra dramının elementlərini özündə birləşdirir. Filmdə Odissey obrazını Mett Deymon canlandırır. Rollarda həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nionqo, Zendaya, Himeş Patel, Şarliz Teron, Con Berntal, Benni Sefdi və Elliot Peyc də yer alır.
Xatırladaq ki, Nolanın “Odissey” filmi Homerin eyniadlı qədim yunan epik poemasının adaptasiyasıdır. Film Troya müharibəsindən sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına qayıtmağa çalışan İtaka kralı Odisseydən bəhs edir. Yolda o, bir çox sınaqlarla üzləşir.
Tətbiqimizi yükləyə bilərsiniz