
Alimlər süni intellektli modelin köməyi ilə qlobal buzlaq xəritəsini yeniləyərək, Yer kürəsindəki buzlaqlarda nə qədər buzun olduğunu hesablayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Scientific Data” jurnalında dərc olunan yeni araşdırmada öz əksini tapıb.
Araşdırmaya görə, Yer kürəsindəki buzlaqlardakı ümumi buz həcmi təxminən 150 000 kub kilometrdir.
Bu hesablamaya Antarktida və Qrenlandiya buzlaqları daxil edilməyib.
Əgər bütün bu buzlar ərisə, dəniz səviyyəsi təxminən 32,3 santimetr qalxa bilər.
Araşdırma Venesiyadakı Ka Foskari Universitetinin alimləri tərəfindən İtaliya Milli Tədqiqat Şurasının Qütb Elmləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində aparılıb.
Onlar bunu öyrənmək üçün süni inrtellektli “IceBoost v2.0” modelindən istifadə ediblər. Bu model dünyanın hər yerindəki buzlaqlarda toplanan 7 milyondan çox buz qalınlığı ölçmələri əsasında hazırlanıb.
Model relyef, temperature, həmçinin buzun hərəkət sürəti də daxil olmaqla 26 fiziki və həndəsi parametri nəzərə alır. Bu isə öz növünün ən böyük müasir məlumat bazası olan “Randolph” Buzlaq Reyestrindəki hər bir buzlağın qalınlığını və həcmini qiymətləndirməyə imkan verir. Həmçinin, yeni model buz konsentrasiyalarının yerlərini əhəmiyyətli dərəcədə daha dəqiq təsvir edir. Əvvəlki hesablamalarla müqayisədə, bu, sahə müşahidələri ilə uyğunluğu təxminən 40% artırır.
Ən diqqətəlayiq nümunələrdən biri Qrenlandiyanın şərqindəki Qeyke Yaylası buzlağıdır. Onun qalınlığı 2 kilometrə çatır və yeni hesablamalara görə, ümumi buz həcmi əvvəlki hesablamalardan demək olar ki, iki dəfə çoxdur.
Alimlərin sözlərinə görə, buzlaqların qalınlığı haqqında dəqiq məlumatlar onların 2100-cü ilə qədər vəziyyətini proqnozlaşdırmaq və buzlaqların əriməsinin dəniz səviyyəsinin qalxmasına gələcək töhfəsini qiymətləndirmək üçün lazımdır.
Yeni modelin istifadəsi beynəlxalq “GlacierMIP4” layihəsinin bir hissəsi kimi planlaşdırılır və onun nəticələrinin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) qiymətləndirmələrində nəzərə alınması gözlənilir.
Xəritədə həmçinin Himalay dağları, Karakorum və Pataqoniyanın böyük buz sahələri də daxil olmaqla, alimlərin daha az məlumatlı olduğu ərazilər göstərilir. Bu, gələcək ekspedisiyalar və sahə ölçmələri üçün də prioritet təşkil edir.
Buzlaqlar çayları və ekosistemləri qidalandırır və kənd təsərrüfatını və əhalini su ilə təmin edir. Alimlər təxminən 1,9 milyard insanın müəyyən dərəcədə buzlaq su ehtiyatlarından asılı olduğunu təxmin edirlər.
Daha dəqiq buz ehtiyatı hesablamaları, həmçinin, quraq bölgələrdə şirin suyun mövcudluğu ilə bağlı proqnozlar vermək üçün də çox vacibdir.
Tətbiqimizi yükləyə bilərsiniz