Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər necə sağ qalıb?


1958-ci il ABŞ və SSRİ arasında soyuq müharibənin ən gərgin dövrlərindən biri kimi tarixə düşüb.
Yeniavaz.com
xəbər verir ki, həmin dövrdə iki ölkənin hərbi təyyarələri bir-birinin fəaliyyətini izləyir, kəşfiyyat uçuşları həyata keçirirdi. 1958-ci ilin yayında isə ABŞ-yə məxsus iki hərbi təyyarə Sovet hava məkanına yaxın ərazilərdə insidentlə üzləşib.
Bu hadisələrdən biri iyunun 27-də baş verib. Amerika Hərbi Hava Qüvvələrinə məxsus “C-118A Liftmaster” tipli nəqliyyat təyyarəsi Ermənistan-Türkiyə sərhədini pozduqdan sonra Sovet “MiQ-17” qırıcıları tərəfindən təqib edilib. Təyyarə Azərbaycanın Ağdərə rayonun Göyarx kəndinin yaxınlığına qədər gəlib çıxıb.
Təyyarə burada məcburi eniş edib. Hadisə nəticəsində “C-118A” tamamilə yansa da, onun göyərtəsində olan 9 amerikalı sağ qalıb. Onlardan 6-sı ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi, 3-ü isə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub.
Təyyarənin göyərtəsində olan amerikalılar hadisədən sonra Sovet hərbçiləri tərəfindən saxlanılıb. Yerli sakinlərin də hadisə yerinə gəldiyi və bəzi amerikalılara qarşı zor tətbiq etdiyi bildirilir. MKİ əməkdaşlarından biri hətta asılmaq təhlükəsi ilə üzləşib. Lakin Sovet hərbçiləri müdaxilə edərək vəziyyətin daha da gərginləşməsinə imkan verməyiblər.
Saxlanılan amerikalılar sorğu-sual edildikdən sonra ABŞ tərəfinə təhvil veriliblər. Beləliklə, iyunun 27-də baş verən hadisə 9 amerikalının sağ qalması ilə nəticələnib.
Lakin həmin hadisədən cəmi iki ay sonra, sentyabrın 2-də daha ağır insident baş verib. Bu dəfə ABŞ-yə məxsus “C-130A-II” tipli hərbi təyyarə Sovet Ermənistanı üzərində uçuş həyata keçirib.
Təyyarə Türkiyənin Adana şəhəri yaxınlığında yerləşən İncirlik Hava Bazasından havaya qalxıb. “C-130” adi nəqliyyat təyyarəsi olmayıb. O, radioelektron kəşfiyyat aparmaq üçün xüsusi şəkildə təchiz edilib. Təyyarənin əsas vəzifələrindən biri Sovet İttifaqının hərbi və radioelektron sistemləri haqqında məlumat toplamaq olub.

1958-ci il sentyabrın 2-də “C-130”un göyərtəsində 17 nəfər olub. Onlardan 6-sı təyyarənin uçuş heyətinin üzvü, 11-i isə radioelektron kəşfiyyatla məşğul olan hərbçilər idi. Təyyarəyə kapitan Rudi J. Sviestra rəhbərlik edib.
ABŞ tərəfinin planına əsasən, təyyarə İncirlikdən Trabzon istiqamətinə uçmalı, daha sonra Türkiyə-Sovet sərhədinə paralel hərəkət edərək Van gölü ətrafından geri qayıtmalı idi. Təyyarənin Sovet sərhədindən ən azı 160 kilometr uzaqda qalması nəzərdə tutulub.
Lakin uçuş zamanı hər şey planlaşdırıldığı kimi getməyib.
İrəvan vaxtı ilə saat 15:42-də “C-130” ekipajı Trabzon üzərindən uçduğunu bildirib və hava haqqında məlumat alıb. Bu, təyyarə ilə son radio əlaqəsi olub.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin sonradan açıqladığı məlumatlara görə, Sovet radarları “C-130”u vurulmasından təxminən 32 dəqiqə əvvəl aşkar edib. Bundan sonra Sovet tərəfi təyyarəni izləməyə başlayıb.
Saat 16:06-da “C-130” naməlum səbəbdən Ermənistan-Türkiyə sərhədini keçib. Sərhəd pozuntusu o vaxtkı Leninakan şəhərindən təxminən 20 kilometr məsafədə, indiki Axuryan su anbarının yerləşdiyi ərazi üzərində qeydə alınıb.
Təyyarə sərhədi keçdikdən sonra Sovet hava müdafiə sistemlərində onun statusu dəyişdirilib və təyyarə müdaxiləçi kimi qiymətləndirilib.
Bundan sonra “MiQ-17” qırıcıları “C-130”un qarşısını almaq üçün havaya qaldırılıb. Bir neçə sovet qırıcısı Amerika təyyarəsini izləməyə başlayıb.
Saat 16:10 radələrində qırıcıların “C-130”u aşkar etdiyi bildirilir. Bəzi mənbələrə görə, sovet pilotları əvvəlcə Amerika təyyarəsini yerə enməyə məcbur etməyə çalışıblar. Lakin “C-13”0 bu tələblərə tabe olmayıb.
Saat 16:13-də sovet qırıcılarından biri Amerika təyyarəsinə yaxınlaşıb. Daha sonra “MiQ-17”lərdən “C-130”a atəş açılıb.
Bir neçə hücumdan sonra Amerika təyyarəsi alovlanıb. Sovet pilotlarının radio danışıqlarında təyyarənin vurulduğu və idarəetməni itirərək aşağı düşdüyü barədə məlumatlar yer alıb.
Saat 16:14-də “C-130” vurulub. Təyyarə Ermənistan ərazisində, Yerevandan təxminən 48 kilometr şimal-qərbdə, Talin rayonunun Nerkin Sasnaşen kəndinin yaxınlığına düşüb.
Bu hadisə iyunun 27-dəki insidentdən tamamilə fərqli olub. Birinci hadisədə Qarabağ ərazisinə düşən Amerika təyyarəsindəki 9 nəfər sağ qalıb. Sentyabrın 2-də isə “C-130”un göyərtəsində olan 17 nəfərin hamısı həlak olub.
Hadisədən sonra ABŞ uzun müddət təyyarənin və ekipajın taleyi barədə tam məlumat əldə edə bilməyib. Sovet hökuməti “C-130”un vurulduğunu inkar edib və təyyarə haqqında məlumatı olmadığını bildirib.
Hadisənin tam mənzərəsi isə Sovet İttifaqının dağılmasından sonra daha aydın olub. 1992-ci ildə ABŞ və Rusiya itkin düşmüş şəxslər və hərbi əsirlərlə bağlı komissiya yaradıb. Bundan sonra Rusiya tərəfi hadisə ilə bağlı əvvəllər gizli saxlanılan bəzi sənədləri açıqlayıb.
Açıqlanan sənədlərdən məlum olub ki, “C-130” həqiqətən Sovet qırıcıları tərəfindən vurulub. Qəza yerində təyyarənin 60528 nömrəli qeydiyyat nişanı və onun hansı ABŞ eskadrilyasına aid olduğunu göstərən məlumatlar da tapılıb.
1993-cü ildə ABŞ hərbçilərindən ibarət axtarış qrupu müstəqil Ermənistana gedərək qəza yerini araşdırıb. Nerkin Sasnaşen yaxınlığında 2 mindən çox sümük və diş qalığı, eləcə də təyyarənin qalıqları və ekipaj üzvlərinə aid şəxsi əşyalar tapılıb.
Araşdırma nəticəsində 17 nəfərdən heç birinin sağ qalmadığı qənaətinə gəlib. Ekipaj üzvlərinin qalıqlarının bir hissəsi müəyyən edilib, qalan şəxslərin kimliyi isə daha sonra aparılan araşdırmalarla dəqiqləşdirilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top