
Gəlin, birlikdə çox da çətin olmayan bir riyazi hesablama aparaq: (+2) x (-2) = -4. Yəni müsbət 2-ni mənfi 2-yə vurduqda cavab mənfi 4 alınır. İlk baxışda sanki vuruqların hər ikisi eynidir. Ancaq nəticə (hasil) düşündürücüdür: vuruqlar eyni olduğu halda, hasil mənfidir. Deməli, nəticənin istədiyimiz kimi alınması üçün rəqəmlər qədər onların qarşısındakı işarələr də vacibdir. İndi isə həmin rəqəmləri toplayaq: (+2) + (-2) = 0. Burada isə cəm sıfıra bərabərdir. Burada da rəqəmlər bizi ilk baxışda aldadır. Çünki əslində 0-dan qat-qat böyük olan iki rəqəm toplanır, ancaq nəticə 0-a bərabər olur...
Əslində, həyat da bir riyaziyyatdır. Riyaziyyatda olduğu kimi rəqəmləri ya bir-birinə vururuq, ya da toplayırıq. Bəzən onların fərqini alır, bəzən də onları bölməyə çalışırıq. Ancaq bir çox hallarda bu rəqəmlərin qarşısındakı “mənfi” və ya “müsbət” işarəsini unuduruq.
Hərəkətlərimizi də rəqəmlərə bənzədə bilərik. Çünki etdiyimiz hərəkətlər sayəsində müəyyən rəqəmlər əldə edirik. Ancaq təəssüf ki, hərəkətlərimizin hamısı müsbət olmur. Yəni, bir çox hallarda mənfi hərəkətlərə də yol veririk. Bəzən lazım olmayan ifadələr işlədirik, bəzən valideynlərimizin sözündən çıxırıq, bəzən dostluğumuza sadiq olmuruq, bəzən avtobusda özümüzdən böyüyə yer vermirik, bəzən qiymətli vaxtımızı boş yerə sərf edirik və s... Bir sözlə, bu və buna bənzər nə qədər hərəkətlərə imza atırıq.
Bəzən də imtahana giririk. İmtahan başlayan kimi bu xəbərdarlığı eşidirk: “Dörd səhv cavab bir düz cavabı aparır, ona görə də diqqətli olun”. Və biz də bacardığımız qədər diqqətli olmağa çalışırıq. Ancaq nə yazıq ki, real həyatda bunu unuduruq. Çünki bir səhv hərəkətimizin düz hərəkətlərimizi də kölgədə qoyduğunu yaddan çıxarırıq.
Ya da bir şagird imtahandan çıxır. Bütün suallara düzgün cavab verdiyinə əmindir. İmtahandan ən yüksək qiymət gözləyir. Ancaq nəticə gözlədiyi kimi olmur. Müəlliminə: “Mən cavabları düz yazmışdım”, - deyəndə müəllimi ona: “Cavab düz ola bilər, ancaq həll düz deyil”, - deyə cavab verir. Həyatda da ən gözələ nail olmaq kifayət deyil, əsas məsələ həyatda ən doğrunu seçməkdir.
Bəzən etdiyimiz mənfi hərəkətlər gözə görünmür. Zaman keçdikcə bu mənfi hərəkətlər üst-üstə yığılır. Sonra da ortaya böyük rəqəmlər çıxır. Elə isə gəlin, müsbətlərimizi artıraq, mənfilərimizi azaldaq. Müsbətlərimizin arasındakı alaq otlarını təmizləməyi də unutmayaq.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz