Suriyadan qaçan keçmiş kəşfiyyat rəisi Rusiyada ola bilər − “BBC News”


Suriyanın keçmiş kəşfiyyat rəisi Hüssam Luka Rusiyada ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb. 
Onun ehtimal olunan yeri Dəməşqdəki tərk edilmiş evində tapılan dəftərdəki əlaqələr vasitəsilə müəyyən edilib.
Hüssam Luka 2024-cü ilin dekabrında, Suriyada Bəşər Əsəd devrildikdən qısa müddət sonra yoxa çıxıb. Livan hökumətinin yüksək vəzifəli bir mənbəyi jurnalistlərə bildirib ki, Luka Livandan etibarlı Rusiya pasportu ilə, lakin fərqli bir adla keçib.
Qaçdıqdan qısa müddət sonra evində 155 əlyazma əlaqəsi olan dəftər tapılıb. Orada dükan sahiblərinin, həkimlərin, hərbi vəzifəli şəxslərin və ailə üzvlərinin telefon nömrələri yer alıb. Jurnalistlər bu siyahıda olan, hazırda Livanda yerləşən və Əsəd rejimi ilə əlaqələrinə görə yeni Suriya hakimiyyəti tərəfindən axtarılan (adı açıqlanmayıb) bir şəxslə əlaqə saxlayıblar. Bu şəxs jurnalistlərə Lukanın nömrəsinin onda olduğunu deyib. “BBC News”un məlumatına görə, nömrənin rus olduğu ortaya çıxıb.
Livanda jurnalistlərin müsahibə verdiyi bir mənbə Lukaya zəng etməyə və “BBC News”a ona suallar verməyə icazə verməyə razı olub.
“Düşdüyüm vəziyyətdə telefonla danışmağa risk edə bilmərəm”, - Luka jurnalistlərə deyib. Rusiyadan kənarda jurnalistlərlə görüşməyə hazır olub-olmayacağı soruşulduqda, o, “bu, mürəkkəbdir” cavabını verib.

DİGƏR XƏBƏRLƏR

Top