Şəkər xərçəngin “gizlənməsinə” kömək edir?


Alimlər xərçəng hüceyrələrinin immun sistemindən gizlənməsinə imkan verən mexanizm aşkarlayıb və onların orqanizm üçün yenidən “görünən” hala gətirilməsinin potensial yolunu müəyyən ediblər.
Yeniavaz.com
xəbər verir ki, araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Tədqiqatçılar müəyyən ediblər ki, şiş hüceyrələri ətraflarında bir növ qoruyucu “şəkər örtüyü” yarada bilir. Karbohidrat əsaslı molekullardan ibarət bu təbəqə immun hüceyrələrinin xərçəng hüceyrələrini tanıyaraq məhv etməsinə mane olur.
“Qlikokaliks adlanan bu qoruyucu təbəqənin formalaşması yalnız xərçəng hüceyrələrindən deyil, həm də onların ətrafındakı şiş mikromühitindən asılıdır. Bu mühitə immun hüceyrələri, qan damarları, birləşdirici toxuma, zülallar və qida maddələri daxildir.
Alimlər müxtəlif şəraitləri modelləşdirən mühitlərdə hüceyrələr yetişdiriblər. Bu şərait yumşaq sağlam toxumadan tutmuş şişin daxilindəki sərt mühitə qədər dəyişib. Həmçinin qanda şəkərin yüksək səviyyəsinin təsirini araşdırmaq üçün qlükozanın miqdarı dəyişdirilib.
Məlum olub ki, artıq qlükoza və şiş mikromühitinə xas şəraitin birləşməsi hüceyrələrin daha qalın karbohidrat əsaslı qoruyucu təbəqə yaratmasına səbəb olur. Məhz bu “şəkər örtüyünün” xərçəng hüceyrələrinin immun sisteminin hücumundan yayınmasına kömək etdiyi müəyyənləşdirilib”, - məqalədə qeyd olunur.
Bildirilir ki, tədqiqatçılar, həmçinin hüceyrələrin stress reaksiyasında iştirak edən HSF1 zülalının mühüm rolunu aşkar ediblər:
“Bu zülal olmadıqda şiş hüceyrələrinin qoruyucu “qalxan” yaratmaq qabiliyyəti zəifləyib.
Alimlərin fikrincə, HSF1-i bloklayan dərmanlar gələcəkdə xərçəng hüceyrələrinin müdafiəsini zəiflətməyə və immunoterapiyanın effektivliyini artırmağa kömək edə bilər. Bu yanaşmanın xüsusilə metastatik xərçəng zamanı potensial əhəmiyyət daşıya biləcəyi düşünülür”.
Tədqiqat müəllifləri bildiriblər ki, kəşf qanda yüksək şəkər səviyyəsi, 2-ci tip diabet və bəzi xərçəng növlərinin müalicəsinin daha zəif nəticələri arasındakı əlaqəni də izah etməyə kömək edir. Artıq qlükoza şişlərə əlavə sağqalma üstünlüyü verən şərait yarada bilər.
Bununla belə, alimlər xüsusi olaraq vurğulayırlar ki, bu nəticə “şəkər birbaşa xərçəngi qidalandırır” demək deyil. Söhbət metabolik pozuntuların şişlərin immun sisteminin nəzarətindən yayınmaq qabiliyyətinə təsir göstərə biləcəyi bioloji mexanizmin aşkar edilməsindən gedir.

DİGƏR XƏBƏRLƏR

Top