“Son 12 ay ərzində ABŞ Azərbaycan və Ermənistanla çiyin-çiyinə çalışıb”


Vaşinqtonda Azərbaycan və Ermənistan tərəfindən birgə bəyannamənin imzalanmasından ötən bir il ərzində əldə olunan razılaşmaların icrası istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, bu irəliləyişlərə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) yaradılması da daxildir.
“Bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib və onlarla birlikdə sənədin imzalanmasında iştirak edib. Həmin sənəd Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoyub və yeni nəqliyyat layihəsinin əsasını formalaşdırıb. Son 12 ay ərzində ABŞ bu vədi real irəliləyişə çevirmək üçün Azərbaycan və Ermənistanla çiyin-çiyinə çalışıb”, – Rubio qeyd edib.
ABŞ dövlət katibi bildirib ki, dəmir yolu, avtomobil yolları, enerji və rəqəmsal infrastrukturun modernləşdirilməsini nəzərdə tutan TRIPP tədricən reallığa çevrilir:
“Ermənistanda artıq dəmir yolu hissəsi üzrə mühəndislik araşdırmalarına başlanılıb. Azərbaycan isə Ermənistanın infrastrukturu ilə birləşməli olan avtomobil və dəmir yollarının tikintisini başa çatdırmağa yaxındır”.
Rubio həmçinin Trans-Xəzər Sahibkarlıq Fondunun (Trans-Caspian Enterprise Fund) fəaliyyətə başladığını açıqlayıb:
“Fond Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində özəl investisiyaların təşviq edilməsi məqsədilə yaradılıb. Fondun rəhbərliyini yeni seçilmiş direktorlar şurası həyata keçirir. Onun kapitalı ABŞ hökumətinin vəsaiti hesabına 201 milyon dollar təşkil edir”.
O qeyd edib ki, sülh ABŞ, Azərbaycan və Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsi üçün yol açıb:
“Bu münasibətlər hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək. TRIPP yalnız infrastruktur layihəsi deyil, həm də ABŞ və digər ölkələr üçün ticarət imkanlarını genişləndirə biləcək Trans-Xəzər Ticarət Marşrutunun (Orta Dəhliz) mühüm halqasıdır”.

DİGƏR XƏBƏRLƏR

Top