Prezident Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham ƏliyevDünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

Dövlət başçısı Azərbaycanla Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir. Dövlət başçısı ticarət dövriyyəsinin azalmasına baxmayaraq, toplanan gömrük rüsumlarının həcminin əvvəlki dövrə nisbətən artdığını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan gömrük sisteminin regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığını deyərək ölkəmizdə regional gömrük strukturlarının, o cümlədən tədris mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın ölkəmizə səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan K. Mikuriya isə bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd edib. O, bu sahəyə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dünya Gömrük Təşkilatının baş katibi ölkəmizdə gömrük sahəsində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edərək Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda konfransın əhəmiyyətini vurğulayıb.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top