
Dubaylı milyarder, “Dubayın Donald Trampı” kimi tanınan iş adamı Hüseyn Səcvaninin oğlu Abbas Səcvani ABŞ hakimiyyətinin müsadirə etdiyi “Amadea” adlı superyaxtanı alaraq onu üzən ofisə çevirib.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı Abbas Səcvani iyunun əvvəlində Monako Qran-prisi ərəfəsində 106 metrlik “Amadea” yaxtasında qonaqları qəbul edib.
Təxminən 1,9 milyard dollar sərvətə malik olan iş adamının rəhbərlik etdiyi “AHS Properties” şirkəti qısa müddət əvvəl “Shangri-La Dubai” otelini 300 milyon dollara satın alıb.
2017-ci ildə Almaniyanın Lürssen gəmiqayırma zavodunda inşa edilən “Amadea” yaxtası rusiyalı milyarder Süleyman Kərimov üçün hazırlanıb.
2022-ci ilin mayında yaxta Ficinin Lautoka limanında saxlanılıb, daha sonra ABŞ-yə aparılıb. Məhkəmə proseslərindən sonra ABŞ Ədliyyə Nazirliyi gəmini gizli hərrac vasitəsilə satışa çıxarıb. Abbas Səcvani ötən ilin sentyabrında keçirilən hərracda rəqibini cəmi 1 milyon dollar qabaqlayaraq qalib gəlib. Hazırda yaxtanın dəyəri təxminən 250 milyon dollar qiymətləndirilir.
Altı göyərtədən ibarət olan “Amadea” lüks avadanlıqları ilə seçilir. Yaxtada göyərtələr arasında işləyən qızıl lift, yunan mərmərindən hazırlanmış bar, əl işi “Pleyel” royalı, 10 metrlik hovuz, sualtı bar, açıq hava kinoteatrı və helikopterin eniş platforması mövcuddur.
Abbas Səcvani bildirib ki, yaxta onun üçün sadəcə istirahət vasitəsi deyil: “Bir çox insan yaxtaya tətil üçün gedir. Mənim üçün isə bu, yaşamaq və işləmək üçün məkandır”.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz