Paşinyan Meğridə seçkiləri şəxsi nəzarətinə götürüb – “Hraparak”


Ermənistanda hakimiyyət oktyabrın 25-də keçirilməsi planlaşdırılan yerli özünüidarəetmə orqanlarına seçkilərdən əvvəl Meğri icmasına xüsusi diqqət ayırıb.
Yeniavaz.com
xəbər verir ki, Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, hakimiyyət orqanları Meğridə seçki hazırlıqlarını fəal şəkildə davam etdirir. Nəşr iddia edir ki, TRIP razılaşmaları çərçivəsində Meğridə keçiriləcək seçkilər strateji əhəmiyyət daşıdığı üçün Baş nazir Nikol Paşinyan prosesi şəxsi nəzarətinə götürüb.
Məlumata əsasən, Paşinyan hakim komandanın nümayəndəsinin icma rəhbəri seçilməsini əsas prioritet kimi müəyyənləşdirib. Bildirilir ki, o, hökumət üzvlərinə rusiyapərəst namizədin qalib gəlməsinin TRIP ilə bağlı proseslərə mənfi təsir göstərə biləcəyini deyərək, əhali tərəfindən qəbul ediləcək güclü namizədin müəyyənləşdirilməsini tapşırıb.
Qəzet yazır ki, artıq hakim Vətəndaş Müqaviləsi Partiyası daxilində namizəd axtarışı başlanıb. Partiya fəalları Paşinyana bildiriblər ki, hazırkı icma rəhbəri Xaçatur Andreasyan geniş ictimai dəstəyə malik deyil və onun yenidən namizədliyinin irəli sürülməsi məqsədəuyğun hesab olunmur. Bundan əlavə, Andreasyan haqqında keçmiş icma rəhbəri tərəfindən müxtəlif sui-istifadə halları ilə bağlı məhkəmə iddialarının qaldırıldığı qeyd olunur.
Nəşr həmçinin xatırladır ki, 2021-ci ildə keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra heç bir siyasi qüvvə bələdiyyədə çoxluq əldə etmədiyindən tərəflər icmanın iki il yarım rotasiya prinsipi ilə idarə olunmasına dair memorandum imzalamışdılar. Lakin hazırda həmin tərəflər arasında ciddi qarşıdurma yaşandığı bildirilir.
Məlumata görə, Respublika fraksiyasının rəhbəri Baqrat Zakaryan son iki il yarım ərzində icmada həyata keçirilmiş bir sıra layihələrin araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə müraciət edib. Zakaryan daha əvvəl icma rəhbərinin müavini vəzifəsində çalışsa da, iyun ayında bu vəzifədən azad olunub.
“Hraparak”ın iddiasına əsasən, mövcud vəziyyəti nəzərə alan Nikol Paşinyan yeni və daha güclü namizədin müəyyənləşdirilməsi barədə göstəriş verib. Hazırda icma rəhbərliyi uğrunda yeddi potensial namizədin müzakirə olunduğu bildirilir. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyası Meğri Xəstəxanasının sabiq baş həkimi və səhiyyə eksperti Tsagik Vardanyanın namizədliyini irəli sürə bilər.

DİGƏR XƏBƏRLƏR

Top