
Rusiya hökuməti “Avro-2”, “Avro-3” və “Avro-4” avtomobil benzininin istehsalına, idxalına və paylanmasına 1 iyul 2027-ci ilə qədər icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin teleqram kanalında məlumat verilib.
“Bu cür yanacağın ekoloji sinfi haqqında məlumat yanacaqdoldurma məntəqələrində nümayiş etdiriləcək. Məlumat əlçatan olacaq və aydın şəkildə təqdim olunacaq. Bu, vətəndaşlara müəyyən ekoloji sinif yanacaq alarkən məlumatlı seçim etməyə imkan verəcək”, - məlumatda deyilir.
Nazirlik iddia edir ki, qərar müvəqqətidir və daxili bazara sabit motor yanacağı tədarükünün təmin edilməsi və mümkün çatışmazlığın qarşısının alınması məqsədi daşıyır:
“Bu, motor yanacağına ekoloji tələblər üzrə uzunmüddətli dövlət siyasətinin yenidən nəzərdən keçirilməsini nəzərdə tutmur. Müəyyən edilmiş güzəştlər yalnız məhdud müddətə qüvvədədir və böhran əleyhinə tədbirdir”.
Qeyd edək ki, Rusiyada yanacaq böhranı iki aydan çoxdur davam edir. Yanacaqdoldurma məntəqələrində benzin çatışmazlığı qismən Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumlarının artması ilə əlaqədardır. Nəticədə, bir çox neft emalı zavodları müvəqqəti olaraq yanacaq istehsalını dayandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz