“Əgər Türkiyə masada deyilsə, Azərbaycan oradadır və biz də sözümüzü demişik” – Hikmət Hacıyev


İsraildə qondarma erməni soyqırımı iddiaları gündəmə gəldikdə, bunu ən sərt şəkildə pisləyən ilk ölkə Azərbaycan olub.
Yeniavaz.com
 Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. 
Onun sözlərinə görə, Prezidentin tapşırığı ilə İsrail tərəfi ilə əlaqə saxlanılıb və onlara bu addımın düzgün olmadığı bildirilib.
“İsrailə dedik ki, etdiyiniz iş doğru deyil. Əgər bu məsələ ilə Türkiyəni narahat edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Türkiyə üçün bu məsələ artıq köhnə bir təbliğat mövzusudur. Bu addımla Türkiyə-İsrail münasibətlərinə daha çox zərər verər, eyni zamanda Azərbaycan-İsrail münasibətlərinə və Azərbaycan ictimai rəyində İsrailə münasibətə də mənfi təsir göstərərsiniz. Bu, sizə heç nə qazandırmayacaq. Buna görə də, bu təşəbbüsü geri çəkməyiniz daha ağıllı olar”, – deyə Hacıyev bildirib.
Hacıyev qeyd edib ki, İsrail tərəfi bunun düzgün qərar olmadığını qəbul edib və təşəbbüsün qısa müddətdə geri götürülməsinin vacibliyini anlayıb.
O vurğulayıb ki, Azərbaycan bunu öz borcu hesab edir: “Bunun üçün təşəkkür gözləmirik. Bu, bizim qardaşlıq borcumuzdur”.
Prezidentin köməkçisi əlavə edib ki, bir çox məsələdə Ankara ilə məsləhətləşmələr aparılsa da, bu məsələdə Türkiyə ilə məsləhətləşmədən addım atılıb.
“Çünki “bir millət, iki dövlət”prinsipi bunu tələb edir. Bu, Şuşa Bəyannaməsinin də fəlsəfəsidir. Əgər Türkiyə masada deyilsə, Azərbaycan oradadır və biz də sözümüzü demişik”, – deyə Hacıyev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top