
Alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında hesablanan qlobal ÜDM göstəricilərinə əsasən, XIX əsrin əvvəllərində iqtisadi lider olan Çin yerini Britaniya İmperiyasına verib.
Yeniavaz.com “The Maddison Project” məlumat bazasına istinadən xəbər verir ki, XX əsrdə isə iqtisadi liderlik Britaniyadan ABŞ-yə keçib. Hazırda isə iqtisadi güc yenidən Asiyaya doğru istiqamətlənib.
1820-ci ildə Çin dünya ÜDM-nin 28,6 faizini formalaşdıraraq ən böyük iqtisadiyyat olub. Həmin dövrdə Britaniya İmperiyasının payı 23,1 faiz, ABŞ-nin payı isə cəmi 2,3 faiz təşkil edib. Sənaye inqilabının təsiri ilə Britaniya XIX əsrdə qlobal iqtisadi gücə çevrilib və 1845-ci ildə dünya ÜDM-indəki payını 23,8 faizə çatdırıb. XX əsrdə isə liderlik ABŞ-yə keçib. İkinci Dünya müharibəsi dövründə, 1944-cü ildə ABŞ dünya ÜDM-nin 29,7 faizini təşkil edərək son iki əsrdə qeydə alınan ən yüksək göstəriciyə nail olub. Ölkənin iqtisadi üstünlüyü yüksək texnologiyalı sənaye, istehsal, maliyyə və beynəlxalq ticarətdəki aparıcı mövqeyi ilə möhkəmlənib.
Son onilliklərdə isə iqtisadi balans yenidən Asiyanın xeyrinə dəyişir. İqtisadi islahatlar və istehsal mərkəzinə çevrilməsi sayəsində Çin 2025-ci ildə dünya ÜDM-nin 21,8 faizini formalaşdıraraq yenidən ilk sıraya yüksəlib. ABŞ-nin payı həmin il 14,7 faizə enib.
Hindistan da yüksəlişini davam etdirir. 2025-ci ildə ölkənin dünya ÜDM-indəki payı 9 faizə çatıb ki, bu da onun tarixində ən yüksək göstəricidir. Çin və Hindistan birlikdə qlobal ÜDM-in 30,8 faizini təşkil edərək dünya iqtisadiyyatında Asiyanın artan rolunu nümayiş etdirirlər.
Eyni dövrdə Avropanın iqtisadi çəkisi nəzərəçarpacaq dərəcədə azalıb. Avropa Birliyi 2007-ci ildə dünya ÜDM-nin 17,9 faizinə sahib olsa da, 2025-ci ildə bu göstərici 12,3 faizə enib. Britaniya İmperiyası isə XIX əsrdəki 23,8 faizlik zirvədən 2025-ci ildə cəmi 1,9 faizlik paya qədər geriləyib.
Məlumatlar göstərir ki, son iki əsrdə qlobal iqtisadi liderlik Çindən Britaniyaya, daha sonra ABŞ-yə keçsə də, XXI əsrdə iqtisadi ağırlıq mərkəzi yenidən Asiyaya yönəlir. Ekspertlər hesab edirlər ki, bu tendensiyanın davam edib-etməyəcəyi, əsasən, Çinin demoqrafik problemləri, məhsuldarlıq səviyyəsi və iqtisadi artım tempini necə qoruyacağından asılı olacaq.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz