“Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə “TikTok”a baxır”


“Son vaxtlaracan 85 yaşlı anam hər ay 3 kitab oxuyurdu. Sonra qardaşım onun telefonuna “TikTok” proqramı yüklədi. İndi anam 3 aya bir kitab oxuyur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial media hesabında yazıb.
“Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə “TikTok”un videolarına baxır. Suallar da verir. Deyirəm, ana, qulaq asma, danışdıqları yalandır, saxtadır. Amma görürəm, yox, mənə şübhə ilə yanaşır.
Bir-iki dəfə anamdan telefonu alıb “TikTok”un videolarına mən də baxmışam. Tam bir bayağılıq – primitiv məlumatlar, düşük  zarafatlar, şit lağlağılar...
İndi biz bu bayağılığa, primitivliyə məğlubmu olacağıq?
Türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırır. Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır – nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız  məzmunlar beyni çürüdür!
Bəs neyləməli?
Dövrün vəbasına çevrilən bu tendensiyaya məğlubmu olmalı, onunla barışmalımı? Kitabın, qəzetin,  mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə, seçim azadlığının yırtıcı alqoritmlərin əsirinə çevrilməsinə seyrçimi qalmalı?
Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?”, - jurnalist bildirib.

DİGƏR XƏBƏRLƏR

Top