
İstanbulun Pendik rayonunda tikinti şirkəti sahibi olan iş adamı Ercan Ekşi qətlə yetirilib.
Yeniavaz.com “Hürriyyət”ə istinadla xəbər verir ki, hadisə cümə günü baş verib.
Belə ki, 23 yaşlı Muhammed Gündüz işlədiyi binadan çıxarkən E. Ekşini güllələyib.
Qatilin kimliyi təhlükəsizlik kameralarından aşkarlanıb. Polis onu hadisədən sonrakı günün axşamı Taksimdə piyada gəzərkən yaxalayıb. Hücumda iştirak edən digər iki şübhəli də saxlanılıb.
Türkiyə mətbuatı yazır ki, M. Gündüz müxtəlif günlərdə şirkət ətrafında kəşfiyyat aparıb, Ekşinin gəliş-gediş qrafikini öyrənib və hadisədən üç saat əvvəl əraziyə gələrək çöldə gözləyib.
Qeyd edək ki, şübhəlilər oxşar əməllərə görə daha əvvəl də saxlanılıblar.
Dindirilmə zamanı Gündüz hücumu 1 milyon lirə (35 min 744 manat) qarşılığında həyata keçirdiyini, lakin pulu ala bilmədiyini deyib.
“İstanbula işləmək üçün gəlmişdim. İşimi tez-tez dəyişirdim və belə bir təklif alanda onu qəbul etdim”, - deyə qatil bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz