
Rusiyada məhkəmə azərbaycanlı bloger Hüseyn Həsənovu çirkli pulların yuyulmasında təqsirli bilərək, 4 il müddətinə qiyabi həbs cəzasına məhkum edib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Moskvanın Presnenski Rayon Məhkəməsi məlumat yayıb.
Agentliyin məlumatına görə, məhkəmə həmçinin onu 1 milyon rubl cərimə edib.
Digər tərəfdən, Həsənova iki il müddətinə sosial şəbəkə kanallarını idarə etmək qadağan olunub.
Məlumata görə, təyin olunmuş cəza qiyabi hesab olunur və onun müddəti məhkum edilmiş şəxsin həbs edildiyi və ya ekstradisiya olunduğu andan hesablanır.
Bundan əlavə, məhkəmə Həsənovun 46 milyon rublluq qeyri-yaşayış sahəsini dövlətin xeyrinə müsadirə edib.
Həsənov Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (şəxs tərəfindən cinayət törətmək yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (yuyulması)) ilə ittiham olunur.
Həsənov hazırda ölkə xaricində olduğu üçün cinayət işi məhkəmə tərəfindən qiyabi olaraq keçirilib və o, qiyabi olaraq həbs edilib.
Həsənov ittihamları qəbul etməyib.
Qeyd edək ki, prokurorluq yekun çıxışlar zamanı blogerə qiyabi olaraq altı il həbs, 155 milyon rubl cərimə və mənzilinin müsadirəsini tələb etmişdi.
Xatırladaq ki, müstəntiqlərin fikrincə, Həsənov fərdi sahibkar kimi 170 milyon rubldan çox vergi ödəməyib. Vəsaitlərə sahiblik, istifadə və sərəncam vermək hüququnu qanuniləşdirmək üçün Həsənov onları maliyyə əməliyyatları və Moskva-Sitidəki daşınmaz əmlak üçün ümumi dəyəri 68 milyon rubldan çox olan alqı-satqı müqaviləsi vasitəsilə leqallaşdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz