
Böyük Britaniyanın Baş naziri Endi Börnhem vəzifəsinin icrasına başladıqdan iki həftə sonra məzuniyyətə çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti Baş nazirin ofisinin mətbuat katibinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Börnhemin məzuniyyəti bu həftənin sonuna qədər davam edəcək. Bu müddət ərzində o, rəsmilərlə ünsiyyətdə olmağa və hökumətin işi ilə bağlı hesabatlar almağa davam edəcək. Baş nazirin ofisi Börnhemin və ailəsinin məzuniyyəti harada keçirəcəyini dəqiqləşdirməkdən imtina edib.
Baş nazirin ətrafı onun məzuniyyətini Börnhemin Dauninq Stritə köçməzdən əvvəl İcmalar Palatasında (Britaniya parlamentinin aşağı palatası) yer uğrunda gərgin mübarizə aparması və daha sonra baş nazir vəzifəsini tutmaq üçün səylə hazırlaşması ilə izah edib.
Nəşr qeyd edib ki, baş nazir olmadığı müddətdə hökumətin ən yüksək vəzifəli üzvü həm də Birinci Dövlət Katibi vəzifəsini icra edən Lankaster Hersoqluğunun Kansleri (Xüsusi Vəzifələr Naziri) Luiz Heyq olacaq.
Digər tərəfdən, sağçı populist “Reform UK” partiyasından İcmalar Palatasının üzvü Li Anderson məzuniyyətdə olan Börnhemi vəzifələrini yerinə yetirməkdən imtina etməkdə günahlandırıb. “Ölkəyə ciddi rəhbərlik edən baş nazir belə davranmır”, - millət vəkili bildirib.
Qeyd edək ki, Börnhem iyunun 18-də İcmalar Palatasına seçilib. Bundan əvvəl o, Böyük Mançesterin qraflıq qubernatoru vəzifəsini icra edib. Börnhem iyulun 17-də hakim Leyboristlər Partiyasının lideri elan edilib. Başqa heç bir potensial namizəd namizədliyini irəli sürmək istəmədiyi üçün o, partiyadaxili seçkilər keçirmədən vəzifəyə başlayıb. İyulun 20-də Börnhem III Çarlzdan hökumət qurmaq üçün mandat alıb və Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb.
O, bu vəzifədə hakim partiya millət vəkillərinin təzyiqi altında Leyboristlər Partiyasının lideri və hökumət başçısı vəzifəsindən istefa verməyə məcbur olan Kir Starmeri əvəz edib.
Tətbiqimizi yükləyə bilərsiniz