Minsk məhkəməsi Lapşinin Azərbaycana ekstradisiyasını qüvvədə saxladı

Minsk şəhər məhkəməsi Respublika Baş Prokurorluğun Rusiya və İsrail vətəndaşlığı olan bloger Aleksandr Lapşinin Azərbaycana verilməsi barədə qərarını qüvvədə saxlayıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hakim Lyubov Simaxina Belarus Baş Prokurorluğun qərarına edilmiş şikayəti geri çevirmək qərarını verib və A. Lapşinin ekstradisiyası barədə qərarı qüvvədə saxlayıb. Məhkəmə iclası bağlı rejimdə keçirilib. Jurnalistlər, eləcə də Rusiya və İsrail diplomatları yalnız qərar açıqlanarkən məhkəmə zalına buraxılıb. Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

DİGƏR XƏBƏRLƏR

Top