
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya üç atəşkəs variantı təklif edib.
Yeniavaz.com “Strana.ua” portalına istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, Zelenski Rusiyaya hava atəşkəsinin elan edilməsini, enerji obyektlərinə zərbələrin dayandırılmasını və cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulmasını təklif edib.
Bundan əlavə, Ukrayna liderinin müşaviri Zelenskinin sülh danışıqlarına başlamaq üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, avqustun 3-də Zelenski Ukraynanın Rusiya ilə münaqişəni qışdan əvvəl bitirməyə çalışacağını bildirib. Bu baxımdan, o, ukraynalı diplomatlara Ukraynanın tərəfdaşları ilə xarici əlaqələrinə maksimum diqqət göstərməyi tapşırıb.
Zelenski həmçinin, qeyd edib ki, ölkənin sülhə nail olmaq üçün səylərinin nə vaxt uğur qazanacağını yüz faiz əminliklə demək mümkün deyil.
Digər tərəfdən, xarici hökumət rəsmiləri və diplomatlar Ukrayna münaqişəsinin 2026-cı il üçün sülh yolu ilə həlli perspektivinin olmadığına inanırlar. Bunun əsas səbəbi isə təklif olunan kompromis variantlarının nə Moskvanı, nə də Kiyevi qane etməsidir.
Tətbiqimizi yükləyə bilərsiniz