
ABŞ Prezidenti Donald Trampın İranla elan etdiyi danışıqlar zamanı Vaşinqton və Tehran əsasən Hörmüz boğazından tam gəmiçiliyin bərpasına və ABŞ-nin İran limanlarına qarşı blokadasının qaldırılmasına diqqət yetirəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi danışıqlarda vasitəçilik edən Yaxın Şərq dövlətindəki diplomatik mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqlarda həmçinin İraqdakı İranyönlü silahlı qruplar tərəfindən həyata keçirilən hücumlar da daxil olmaqla, regiondakı bütün zərbələrin dayandırılması müzakirə olunacaq.
Başqa bir məsələ isə İran neftinin maneəsiz ixracının bərpası olacaq.
Digər tərəfdən, danışıqlarda vasitəçilik edən Yaxın Şərq ölkələri yaxın günlərdə ABŞ və İranla əlaqələrini intensivləşdirmək niyyətindədirlər. Agentlik qeyd edir ki, bu mərhələdə müzakirələr 18 iyunda ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun əsas müddəalarına qayıtmağə əsas gətirə bilər.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ və İranın bu gün sülh danışıqlarına başlayacağını açıqlamışdı. Tramp həmçinin “Truth Social” sosial şəbəkə səhifəsində Tehranla razılığa gəlmək üçün İrana planlaşdırılan böyük hücumu ləğv etməyə razı olduğunu yazmışdı. Onun sözlərinə görə, İran və bir neçə Yaxın Şərq ölkəsi Vaşinqtondan hücumdan çəkinməyi xahiş edib, çünki tərəflər artıq gələcək razılaşmanın konturlarını müəyyən ediblər.
Tramp qeyd edib ki, bu razılaşmaya Hörmüz boğazının dərhal açılması və İranın nüvə təhdidinin aradan qaldırılması daxil olmalıdır.
Tətbiqimizi yükləyə bilərsiniz