Mərakeş İspaniyaya qanunsuz miqrant axının səbəblərini açıqladı


Mərakeşdən İspaniyanın Seuta və Melilya anklavlarına qanunsuz miqrasiyanın kəskin artmasının səbəbləri açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hespress” portalı Mərakeş Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, Mərakeşdən İspaniyanın Seuta və Melilya anklavlarına qanunsuz miqrasiyanın kəskin artması bir neçə səbəbdən baş verib.
Nazirlik hesab edir ki, əsas səbəblər internetdə yalan məlumatların yayılması və insan alveri şəbəkələrinin fəaliyyəti olub.
Digər səbəb isə İspaniya məhkəmə qərarlarının səhv şərh edilməsidir. Belə ki, bu qərarlarının səhv şərh edilməsi Mərakeş vətəndaşlarının Avropaya girişin asanlaşdığına inanmasına səbəb olub. Onlar həmçinin qanunsuz sərhəd keçidlərinin artıq minimal hüquqi nəticələrə səbəb olduğuna inanıblar.
Nazirliyin məlumatına görə, təxminən 40 min nəfər Seuta ərazisinə, təxminən 1135 nəfər isə Melilya ərazisinə keçməyə cəhd edib. Melillaya çatmağı bacaran bütün miqrantlar dərhal geri qaytarılıb.
Digər tərəfdən, Mərakeş Daxili İşlər Nazirliyi Mərakeş Prokurorluğunun qanunsuz miqrantların kütləvi axını zamanı baş verən cinayət əməlləri və hadisələri ilə bağlı araşdırmaya başladığını qeyd edib.
Qeyd edək ki, iyulun sonlarında on minlərlə mərakeşli miqrant Şimali Afrikadakı İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz daxil olub. Bu, İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq axtarmaq imkanı verilməsini tələb etməsindən sonra baş verib.
2 avqustda İspaniyanın “La Sexta” telekanalı Seuta şəhərinə çatmağa çalışarkən 90 nəfərin öldüyünü bildirib. Bundan əlavə, 1149 miqrantın tibbi yardıma ehtiyacı olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top