"Yaz aylarından başlayaraq qiymət artımının təsiri hiss ediləcək"

Bir neçə gün əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkə daxilində satılan qazın qiymətlərində yeni artım ola biləcəyini söyləyib. Onun sözlərinə görə manat dollar qarşısında dəyərdən düşdükcə, qazın qiyməti də buna uyğun olaraq dəyişəcək. Bəs ölkə daxili qaz tariflərinin manat-dollar məzənnəsinə bağlanılması nə dərəcədə məntiqli hesab edilə bilər? Məsələ ilə bağlı "Yenivaz.com"un sualına cavabında Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Sabit Bağırv bildirdi ki, istənilən halda hər hansı qiymət artımı əhalinin maddi durumunun daha da ağırlaşmasına, sosial vəziyyətlərinin pisləşməsinə aparıb çıxarır: "Azərbaycan daxilində satılan qazın qiyməti bu yaxınlarda iki dəfə artırılıb. Müəyyən edilmiş limit həddindən sonra əhali işlətdiyi qaza görə iki dəfə çox ödəməli olacaq. Hazırda qazın yeni qiymət artımı bir o qədər də hiss edilmir. Lakin yaz aylarından başlayaraq yeni qiymət artımının təsirini əhali öz üzərində hiss etməyə başlayacaq. Ola bilsin ki, o vaxt bununla bağlı bəzi problemlər ortaya çıxsın. Belə bir vəziyyətdə qazın qiymətlərinin yenidən qaldırıla biləcəyi barədə deyilənlər və bu amilin manat-dollar məzənnəsinə bağlanılmasını izah etmək mənim üçün çətindir. Əgər ölkədaxili hər şeyin, o cümlədən ərzaq və qeyri ərzaq məhsullarının, inşaat materiallarının, nəqliyyatın və digərlərinin qiymət artımını manat-dollar məzənnəsinə bağlasalar onda bahalaşma baş alıb gedəcək. Bura əhalinin maaşlarının manat-dollar məzənnəsinə görə tənzimlənməməsini və əmək haqqlarında faktiki olaraq artımın olmamasını da əlavə edəndə belə bir vəziyyətin hansı ağır nəticələrə gətirib çıxara biləcəyini təsəvvür etmək çətin deyil".

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top