
Almaniyanın Nürnberq hava limanında uçuş qeydiyyatı zamanı yaranan növbə mübahisəsi kütləvi dava ilə nəticələnib.
Yeniavaz.com xəbər verir ki, “Bild” qəzetinin yaydığı məlumata görə, hadisə cümə axşamı terminalda baş verib. Təxminən 20 nəfərdən ibarət iki qrup sərnişin qeydiyyat növbəsində yer üstündə mübahisə edib.
Polisin məlumatına əsasən, 29 yaşlı Türkiyə vətəndaşı 43 yaşlı həmyerlisinin üzünə yumruq vurduqdan sonra mübahisə davaya çevrilib. Bundan sonra hər iki qrupun üzvləri bir-biri ilə əlbəyaxa olublar.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Hüquq-mühafizə orqanları münaqişə iştirakçılarını müəyyənləşdirib, təhlükəsizlik kameralarının görüntülərini araşdırıb. Xəsarət alanlar olsa da, onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.
Davada iştirak edən 11 sərnişinin isə təyyarəyə minməsinə icazə verilməyib. Orta Frankoniya polisinin sözçüsü onların qeydiyyatdan çıxarıldığını və reysdən kənarlaşdırıldığını bildirib.
Hazırda Nürnberq hava limanının sərhəd polisi hadisə ilə bağlı araşdırmanı davam etdirir, insidentin bütün detalları dəqiqləşdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz