"Ötən il ölkəmizə gələn turistlərin sayında 11,7 faiz artım qeydə alınıb"

"Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı sərəncam və 6 dekabr tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" bu sahədə yeni bir mərhələnin başlandığını göstərir". Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Sumqayıt şəhərində vətəndaşlarla görüşündən sonra jurnalistlərə müsahibsində deyib.

Əbülfəs Qarayev vurğulayıb ki, həyata keçirilən işlər nəticəsində ötən il ölkəmizin turizm sənayesində ciddi irəliləyiş baş verib: "Görülən tədbirlərin nəticəsi olaraq 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 11,7 faiz artım qeydə alınıb. Ötən il də viza sisteminin sadələşdirilməsi və bəzi ölkə vətəndaşları üçün hava limanlarımızda vizaların verilməsi həyata keçildi. 2017-ci ilin yanvarından isə "ASAN viza"ların verilməsinə başlanılıb. Ölkəmizə gələn xarici turistlərin sayında 2017-ci ildə də mühüm artım gözləyirik"

Nazir bildirib ki, artıq ölkəmizə səfər edən xarici vətəndaşların böyük əksəriyyəti məhz turizm, səyahət məqsədilə gələnlərdir. Ötən il ölkəmizə daha çox Körfəz ölkələri, MDB ölkələri, Avropa və Asiyanın çeşidli ölkələrindən turistlər gəlib. Dünyanın məşhur turizm saytları, turizm üzrə tədqiqatçılar səfər etmək üçün ən yaxşı ölkələr sırasında Azərbaycanı da məsləhət görürlər.

Qvami Məhəbbətoğlu

DİGƏR XƏBƏRLƏR

Top