
“Ümid edirəm ki, müxalifət mənə yaxınlaşıb niyə Bakıda doğulduğumu soruşmayacaq”.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputatı Vilen Qabrielyan parlamentdə çıxışı zamanı deyib.
Deputat bu fikirləri müxalifət nümayəndələrinin parlament sədrliyinə namizəd Ruben Rubinyanın Türkiyədə təhsil almasını tənqid etməsinə cavab olaraq səsləndirib.
Qabrielyan parlamentdəki deputatların təxminən 25-30 faizinin müxtəlif vaxtlarda Türkiyəyə – Ankara, İstanbul, Qars, İğdır və Antalyaya səfər etdiyini iddia edib. O, özünün də Antalyada olduğunu etiraf edib və digər ölkələrdə yaşayan türklər və azərbaycanlılarla ünsiyyətdə olduğunu bildirib.
Deputat qeyd edib ki, Ruben Rubinyan Türkiyə kəşfiyyat orqanlarının əməkdaşları ilə əlaqədə olmadığını açıqlayıb və bu mövzunun bağlanmasının vacibliyini vurğulayıb.
Çıxışının sonunda Qabrielyan müxalifəti “apokaliptik gündəlikdən” imtina etməyə çağıraraq, bu yanaşmanın cəmiyyət tərəfindən qəbul edilmədiyini və gələcəkdə parlamentdə təmsilçilik baxımından mənfi nəticələrə səbəb ola biləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz