
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qarabağ” klubundan açıqlama verilib.
Bildirilib ki, “Arena Lublin” stadionunda baş tutacaq qarşılaşmanı tribunadan izləmək və “Qarabağ”a dəstək olmaq istəyən azarkeşlər biletləri onlayn qaydada əldə edə bilərlər.
Biletlərin qiyməti 49 Polşa zlotısı (təxminən 23 manat) təşkil edir. Klub azarkeşlərdən bilet alışı zamanı elektron poçt (e-mail) ünvanlarını düzgün qeyd etmələrini xahiş edib.
Bundan başqa, stadiona giriş zamanı biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədin də təqdim olunması məcburidir. Klub bu tələbin yerinə yetirilməsinin vacibliyini bir daha xatırladıb.
Qeyd edək ki, “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” qarşılaşması avqustun 6-da Polşanın Lublin şəhərində yerləşən “Arena Lublin” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da, yerli vaxtla isə saat 19:00-da start götürəcək.
Tətbiqimizi yükləyə bilərsiniz