Yaponiya və ABŞ birgə valyuta müdaxiləsinə başlayıb – “Reuters”


Yaponiya və ABŞ hökumətləri Yapon yeninin dollara qarşı son 40 ilin ən aşağı səviyyəsinə enməsinin qarşısını almaq məqsədilə valyuta bazarında birgə müdaxilə həyata keçiriblər.
Yeniavaz.com
xəbər verir ki, “Reuters” agentliyinin hökumətdəki iki mənbəyə istinadən yaydığı məlumata görə, bu, Tokio və Vaşinqtonun 2011-ci ildən bəri valyuta bazarında həyata keçirdiyi ilk koordinasiyalı müdaxilədir. Bildirilir ki, iki ölkə yenin məzənnəsini dəstəkləmək üçün bazarda yen alışı həyata keçirib.
Məlumata əsasən, Yaponiyanın maliyyə naziri Satsuki Katayamanın bazar ertəsi bu addımı rəsmi şəkildə açıqlayacağı və iki ölkənin yenin həddindən artıq zəifləməsinə qarşı birgə mübarizə aparmaq öhdəliyini vurğulayacağı gözlənilir. Mənbələr əməliyyatın hələ də davam etdiyini bildiriblər.
“Reuters” yazır ki, Yaponiya ilk müdaxiləsini ötən cümə axşamı Nyu-York ticarət sessiyası zamanı reallaşdırıb. Yaponiya Bankının hesablamalarına görə, yeni dəstəkləmək məqsədilə satılan dolların həcmi 58,97 milyard dollara çata bilər.
Valyuta müdaxiləsi Yaponiya Bankının mövcud pul siyasətini dəyişməz saxlaması və yaxın gələcəkdə faiz dərəcələrinin artırılmasının mümkünlüyünə işarə etməsi fonunda baş verib. Analitiklər bildirirlər ki, yenin zəifləməsinin əsas səbəblərindən biri ABŞ Federal Ehtiyat Sisteminin daha sərt pul siyasəti nəticəsində iki ölkə arasında faiz dərəcələri fərqinin artmasıdır.
Yaponiya Bankının sədri Kazuo Uedanın cümə günü etdiyi açıqlamalardan sonra yen əhəmiyyətli dərəcədə möhkəmlənib. Bazar iştirakçıları bunu həm də hökumətin mümkün valyuta müdaxiləsi ilə əlaqələndirirlər.
“Reuters”in məlumatına görə, ABŞ Maliyyə Nazirliyi də bir neçə bankı mümkün bazar müdaxiləsi barədə əvvəlcədən məlumatlandıraraq onları gələcək əməliyyatlara hazır olmağa çağırıb. Agentlik həmçinin ABŞ maliyyə naziri Skott Bessentin kabinet iclası zamanı istifadə etdiyi qeydlərdə “5–10 milyard dollarlıq Yapon yeni (JPY) alın” ifadəsinin yer aldığını qeyd edib.
Ekspertlər hesab edirlər ki, Tokio və Vaşinqton arasında koordinasiya yalnız yenin məzənnəsini sabitləşdirmək məqsədi daşımır. Onların fikrincə, artan inflyasiya, mərkəzi banklar üzərində təzyiqlər və maliyyə bazarlarında sabitliyin qorunması da bu əməkdaşlığın əsas səbəblərindəndir.
Keçmiş Yaponiya Bankı rəsmisi Nobuyasu Ataqo bildirib ki, həm ABŞ, həm də Yaponiya inflyasiya riskləri və mərkəzi bankların üzləşdiyi çağırışlar fonunda koordinasiyalı addımlar atmağa maraqlıdır.
Bundan əlavə, Yaponiya hökuməti daxili dövlət istiqrazları bazarındakı vəziyyəti də diqqətdə saxlayır. İqtisadiyyat naziri Minoru Kiuçi hökumətin maliyyə sisteminə inamı qorumaq üçün bazar iştirakçıları ilə əlaqələri daha da gücləndirəcəyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top