
Ermənistan parlamentinin sədri vəzifəsinə hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı, 36 yaşlı Ruben Rubinyanın namizədliyi irəli sürülüb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Rubinyan 9-cu çağırış Ermənistan parlamentinin ilk iclasında bu vəzifəyə təqdim edilən yeganə namizəd olub. Onun namizədliyini hakim partiyanın parlament fraksiyasının rəhbəri Arusyak Manavazyan təqdim edib.
Manavazyan çıxışında Rubinyanı prinsipial, təvazökar və dürüst siyasətçi kimi xarakterizə edərək bildirib ki, o, uzun illər ərzində siyasətdə və dövlət quruculuğunda mühüm təcrübə qazanıb. Fraksiya rəhbərinin sözlərinə görə, Rubinyan siyasi fəaliyyəti boyunca ən açıq və şəffaf siyasətçilərdən biri olub və bu xüsusiyyətlərini qoruyub saxlayır.
Qeyd edək ki, Ruben Rubinyan əvvəlki parlamentdə vitse-spiker vəzifəsində çalışıb. O, həmçinin son dövrlərdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlarda ölkənin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib.
Tətbiqimizi yükləyə bilərsiniz